Amil Xəlilin rayonlardan gələn tələbə qızlarla bağlı dediklərinə görə “Space TV” cəzalandırıldı - VİDEO

Amil Xəlilin rayonlardan gələn tələbə qızlarla bağlı dediklərinə görə “Space TV” cəzalandırıldı - VİDEO

Hazırda oxunan: Amil Xəlilin rayonlardan gələn tələbə qızlarla bağlı dediklərinə görə “Space TV” cəzalandırıldı - VİDEO

589888

“Space TV”nin efirində yayımlanan “Gəl danış” proqramında aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlərə görə kanalın yayımı 3 saatlıq dayandırılacaq.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib. 

Bildirilib ki, “Space” redaksiyasının (kanalının) efirində 25 dekabr 2025-ci il tarixində, saat 12.45-14.53 arası yayımlanan “Gəl danış” proqramının monitorinqi aparılıb.

“Monitorinq nəticəsində qeyd olunan buraxılışda “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulması faktı aşkarlanıb. Zəruri prosedurlar icra olunaraq araşdırma aparılıb, pozuntu faktı hüquqi olaraq təsbit olunub.

Bu səbəbdən, “Media haqqında” Qanunun 41.1.1-ci maddəsinə uyğun olaraq Audiovizual Şura tərəfindən “Space TV” kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə 3 (üç) saatlıq müvəqqəti dayandırılması qərarı verilib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, aparıcı sözügedən televiziya verilişində bölgələrdən gələrək paytaxtda yerləşən universitetlərdə təhsil alan tələbələrin, xüsusilə bəzi qızların əxlaqsızlıq etdiyini bildirib.

Aparıcı efir vasitəsilə valideynlərə çağırış edərək övladlarını bölgələrdəki özlərinə yaxın ali təhsil müəssisələrinə yerləşdirilməsini təklif edib:

“Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!”, deyə aparıcı deyib.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO