Fransalı fermerlər Prezident Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makronun şəxsi evinin yaxınlığında etiraz aksiyası keçiriblər.
Bizim.Media BFMTV telekanalına istinadla xəbər verir ki, aksiya Avropa İttifaqı ilə Merkosur ölkələri arasında azad ticarət sazişinin imzalanması planlarına qarşı yönəlib.
Bildirilir ki, etiraz aksiyası bu gün səhər tezdən Tukedə yerləşən iqamətgahın qarşısında təşkil olunub. Əraziyə çoxsaylı traktorlar və digər kənd təsərrüfatı texnikası cəlb edilib.
Telekanalın məlumatına əsasən, FNSEA fermerlər ittifaqının üzvləri sazişin imzalanmasının sadəcə təxirə salınmasını yetərli hesab etmirlər. Onlar Prezident Makronun Fransanın bu məsələ ilə bağlı mövqeyinə dair aydın və konkret cavab vermədiyini bildirirlər.
Qeyd edək ki, Merkosur Cənubi Amerikanın ümumi bazarıdır və Braziliya, Argentina da daxil olmaqla bir sıra ölkələri birləşdirir. Bu iqtisadi birlik 1991-ci ildə yaradılıb və regionda mühüm rol oynayır.
Xatırladaq ki, bundan əvvəl fermerlər Brüsseldə Avropa İttifaqı qurumlarının binaları qarşısında da etiraz aksiyası keçirməyə cəhd ediblər. Həmin vaxt polis traktorun mühafizə baryerlərini yarmasının qarşısını almaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Bizim.Media


























































































