Fitnesçi Hidayət Məhərrəmli paytaxtın Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədib.
Bizim.Media xəbər verir ki, idmançı hadisə anını sosial şəbəkədə paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTO
Görüntülərdən məlum olur ki, o, saatda 90 kilometr sürətlə hərəkətdə olarkən diqqətini yoldan yayındırır və bir əli ilə telefonla çəkiliş edir. Bu zaman “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq bardürə çıxır.
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkə hesabında sözügedən məsələyə münasibət bildirib.
R.Tağıyev qeyd edib ki, sükan arxasında telefondan istifadənin istənilən forması – istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq – həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyur.
Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur. Sürücünün gözünü yoldan ayırdığı 2–3 saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir.
Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.
Qeyd edək ki, bir müddət əvvəl H.Məhərrəmlinin keçmiş sevgilisi Ş.Yunusova “qafqazinfo.az”a müraciət edərək idmançının ona şiddət göstərdiyini və külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdi. Həmin vaxt qadın qəzaya düşən “Mercedes”i Hidayətə hədiyyə etdiyini demişdi.
Bizim.Media



































































































