Şuşa Şəhəri Dövlər Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" layihəsinin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirilib.
Bizim.Media xəbər verir ki, şəhid övladları səhər saatlarında hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət alıblar.
Şuşa şəhərinə “Zəfər marşı”nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi, digər uşaqlar subay şəhidlərimizin rəsmləri həkk olunan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatılıblar.
MÖVZU İLƏ BAĞLI:
Şəhid oğlunun ad günü Şuşa qalasında belə qeyd olundu - VİDEO
Onları İsa Bulağında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qarşılayıb.
Daha sonra tədbir iştirakçıları Yuxarı Gövhər Ağa məscidində olub.
Orada general-mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla şəhid anaları namaz qılıblar. Sonra tədbirə qatılan Olimpiya çempionları Cıdır düzündə uşaqlar üçün güləş təlimi həyata keçiriblər.
Daha sonra tədbirin rəsmi hissəsi baş tutub.
Şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov təşkilatçılardan ona verilən “Xarıbülbül” nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban Əliyevaya göndərmələrini xahiş edib.
Tədbirin sonunda Cıdır düzündə şəhid övladları sənət adamlarıyla birlikdə "Zəfər marşı"nı ifa edərək səmaya ağ göyərçinlər buraxıb, dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını veriblər.
Bizim.Media