Laçında anadan olmuş Fərid Cəbrayılovun 30 ildən sonra Göyqayadakı yaylaq evlərinin dağıntıları arasında tapılan jaketinin fotosu sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Bizim.Media xəbər verir ki, F. Cəbrayılovun əmisi oğlu Orxan Cəbrayılov onun üç aylıq uşaqlıq şəklini həmin tapılan sarı jaketlə birgə paylaşıb.
F. Cəbrayılov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 1988-ci ilin 8 sentyabrında Laçın rayonunun Ələkçi kəndində anadan olub:
“Üç aylıq bir körpə ikən şəkildəki üçdüymə jaketi atam mənim üçün rayondan alıb gətiribmiş. Şəkil yaylaq evimiz yerləşən və ərazisinə xas göy rəngdə qayalara ithafən Göyqaya adlandırılan yerdə 1989- cu ildə çəkilib”.
Həmin yaylaq ərazisi Laçında son günlərini keçirdikləri yurd yeri olub:
“Oradan əynimizdəki paltarlardan başqa heç bir şey götürmədən çıxmağımız, inəklərimizi, qoyunlarımızı çarəsizcə açıb buraxmağımız, itlərimizi bağdan açıb öz talelərinə tərk etməyimiz, bir neçə ay əvvəl xəbər saytlarında maraqla qarşılanan babam Sevindikov Fikrətin “UAZ” markalı avtomobili ilə Kəlbəcər rayonu ərazisindən doğma yurdumuzu tərk etməyimiz, gecə yol gedərkən məndən kiçik qardaşımın və mənim susamağımız qarşısında bizə mis fincanda keçilməz Murov dağının qar suyunun verilməsi, o dağ yollarındakı soyuq xatirələr hələ də aydınlığı və dəqiqliyi ilə yadımdadır.
Dünən axşam əmim oğlu Orxan Cəbrayıl mənə yazanda ki, sənin sarı jaketin evinizin dağıntıları altından tapılıb, bir anlıq özümü itirdim, ürək döyüntülərim artdı, gözlərim dolsa da ağlaya da bilmədim çünki bir boğulma, bir xaos bürümüşdü məni.
Bilmədim gülürəm, ya ağlayıram.
Dərhal yurd yerimizə gedən və jaketimi tapan əmim oğlu Ramil Cəbrayılla əlaqə saxladım və Ramil mənə bunun həqiqət olduğunu, uçmuş evimizin damının dəmirlərinin və daşların töküldüyü yeri bir az aralayarkən onun da yadında dəqiq qalmış jaketi digər əmim oğlu Toğrul Cəbrayılın tapdığını, görən kimi tanıdığını, şəklini çəkdiyini və göndərəcəyini dedi.
Ona təşəkkürlərimi hansı sözlə deyəcəyimi bilmədim. Sonra anama dedim və anam jaketin olsa-olsa uşaqlıq şəklimdəki jaket olacağını dedi.
Hamımız gecə saat ikiyə kimi oturub şəkli gözlədik və o şəkil gəldi. Həmin anı hər kəsin başa düşməsi üçün belə izah edə bilərəm ki, elə bil 30 il əvvəl itirdiyiniz ən sevimli bir insanınızı sağ-salamat tapmısınız”.
Cəbrayılov tez bir zamanda yurduna gedib babasının qəbrini ziyarət etməyi, yaylaq evlərinin qarşısındakı alça ağacından alça yeməyi və bu jaketi götürüb ən dəyərli əşya kimi saxlamağı arzulayır.
Bizim.Media