Dünyada qeyri-ənənəvi enerjidən istifadəyə keçid sürətlənməkdədir. Çoxlarımıza isə məlum deyil ki, bu sahədə azərbaycanlı alim Süleyman Allahverdiyev böyük uğurlara imza atan elm adamlarından biridir.
O, bu yaxınlarda Qlobal Enerji Cəmiyyətinin beynəlxalq “Qlobal Enerji” mükafatının laureatı olub.
Süleyman Allahverdiyev alternativ enerjinin inkişafına verdiyi böyük töhfəyə, süni fotosintez sistemlərinin dizaynında elmi nailiyyətlərə, bio və hidrogen enerjisi sahəsində bir sıra elmi işlərinə görə "Qeyri-ənənəvi enerji" kateqoriyasında mükafata layiq görülüb.
Qeyd edək ki, mükafatlandırma mərasimi oktyabr ayında keçiriləcək Rusiya Enerji Həftəsində baş tutacaq. Mükafat fondu 39 milyon rubldur.
Bu il dünyanın 36 ölkəsindən 94 alimin namizədliyi irəli sürülüb.
Süleyman Allahverdiyev Rusiya Elmlər Akademiyasının Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, MDU və MFTİ-nun elmi əməkdaşı olmaqla yanaşı həm də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktorudur.
500-dən çox elmi əsər, 8 kitab və 6 ixtiranın müəllifi olan azərbaycanlı alimin tədqiqatlarına 20 mindən artıq istinad olunub.
2020-ci ildə “Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazasının dünyanın ən nüfuzlu alimlərinin siyahısında 21 tədqiqat sahəsi üzrə ən çox istinad olunan alimlərin elit qrupunda yer alıb.
Tədqiqatları dünyanın ən nüfuzlu elmi jurnallarında dərc olunub.
Qeyd edək ki, dünya şöhrətli alimimiz 1950-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Çaykənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.
SSRİ EA-nın Biofizika İnstitutunda biofizika üzrə namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. 2002-ci ildə o, Rusiya Elmlər Akademiyasının Bitkilərin Fiziologiyası İnstitutunda “bitkilərin fiziologiyası və biokimyası” ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib.
Xatirə Nəsirli, Bizim.Media
Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə - bəndinə uyğun olaraq hazırlanıb.