Ermənistanın Zəngəzur mahalındakı Şahverdilər kəndinə ərzaq məhsulları Rusiya sərhədçilərinin vasitəçiliyi ilə hər səhər çatdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə erməni kəndinin sakinləri məlumat veriblər.
Ermənistan Ombudsmanı Arman Tatoyan iki gün əvvəl Azərbaycan hərbçilərinin Gorusdan Qafana gedən hissədə dövlətlərarası yolu bağladığını bildirmişdi. Nəticədə Gorus icmasının kəndləri – Şahverdilər, Şurnuxu, Bartsravan, habelə Qafan icmasının Nor Araçadzor kəndinin bir hissəsi Ermənistanın digər yaşayış məntəqələrindən ayrılıb. Tatoyanın qeyd etdiyi kimi, bu kəndlərə ərzaq və zəruri malların gətirilməsində ciddi məhdudiyyətlər yaranıb.
Şahverdilər kəndinə Teg kəndindən keçən yolla getmək olar. Kadrlardan görünür ki, torpaq yol abadlaşdırılmayıb, əksər avtomobillər ordan keçə bilmir.
Kəndlilər təsdiq ediblər ki, Gorus-Qafan yolunun bir hissələrinin bağlanması səbəbindən həqiqətən ərzaq təchizatı ilə bağlı kəskin problem meydana çıxıb. Ərzaq məhsulları Rusiya ordusunun vasitəçiliyi ilə çatdırılır.
İnsanlar normal yolun olmaması səbəbindən Şahverdilər kəndindən gedə bilmirlər və kiminsə tibbi yardıma ehtiyacı varsa, problemin necə həll ediləcəyi bilinmir. Bir çox yerli sakin yaxınlıqdakı qəsəbələrdə işləyir. İki gündür ki, evdə oturmaq məcburiyyətindədirlər.
Kənd sakinlərinin dediyinə görə, məmurların heç biri onlara informasiya vermir, yolun açılması ilə bağlı danışıqların gedişi barədə də danışmırlar.
Məlumat boşluğu səbəbindən yerli sakinlər jurnalistlərdən nə baş verdiyini, eləcə də kənar yolun vəziyyətini soruşurlar.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) verilən məlumata görə, Gorus-Qafan yolunun hissələrinin blokadasının açılması ilə bağlı danışıqlar davam edir.
Azərbaycan Respublikası ilə MTX-nın sərhəd qoşunlarının və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin iştirakı ilə əlaqə saxlanılır.
Bizim.Media