Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənənəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çatıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya bildirilib ki, Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı maraqla qarşılanıb.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda "Xarıbülbül” adlı xüsusi şou-kompozisiya, Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nümayiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri izlənilib.
“Xarıbülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləşmiş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyətimizlə görüşüb, xatirə fotoşəkili çəkdirib, Azərbaycan təmsilçilərinin çıxışını möhtəşəm adlandırmış, bu çıxışlardan hər zaman məmnun qalmasını bildirərək Azər-baycan nümayəndələrinin gələcək atçılıq tədbirlərinə də qatılacaqlarına ümidvar olduğunu vurğulayıb.
Qarabağ atlarının Böyük Britaniya atçılığının ən mötəbər tədbirinin əsas hissəsi kimi təqdim edilməsi izləyicilər tərəfindən böyük heyranlıqla qarşılanıb.
Bizim.Media