Xəbər verdiyimiz kimi Bakıda avtobus sürücüsü piyadanı döyüb. "BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb. Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb.
Məsələ ilə bağlı Bakı Bus MMC-nin mətbuat katibi Əsmər Əliyeva Bizim.Media-ya bildirib ki, insident ötən gün, saat 19:30-da Bakı Bus MMC-nin istismarında olan 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 JY 786 dövlət qeydiyyat nişanlı avtobusda sürücü ilə piyada arasında baş verib:
MÖVZU İLƏ BAĞLI:
Piyadanı döyən “BakuBus” sürücüsü ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
"Video-müşahidə kameralarının görüntülərinin təhlili nəticəsində müəyyən olunub ki, avtobus sürücüsü Babək Əsgərov piyada keçidində piyadanın keçidinə üstünlük verməyərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, piyadanın irad bildirməsi zamanı isə aralarında xoşagəlməz mübahisə yaranıb. Hadisə ilə bağlı avtobusun sürücü Babək Əsgərovun əmək fəaliyyətinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsi barədə qərar qəbul edilib”.
Qurum rəsmisinin sözlərinə görə bu hadisədə iştirak edən sürücü daha əvvəl yol-nəqliyyat hadisəsi törətmiş şəxs deyil. Həmin hadisə zamanı ictimaiyyətə verilən açıqlamada da qeyd olunduğu kimi, hadisənin iştirakçısı sürücü Ramin Təhməzov olub:
““BakıBus” MMC-də hər gün səhər reysə çıxmazdan əvvəl sürücülərə nəqliyyat vasitəsini idarə etmək üçün "Yol vərəqəsi" təqdim olunur. Yol vərəqəsində sürücünün idarə edəcəyi avtobusun dövlət qeydiyyat nişanı qeyd olunur. Hazırda baş vermiş hadisə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır. Bakı Bus MMC olaraq yaşanan insidentə görə sərnişinlərimizdən üzr istəyir və belə hallarla qarşılaşdıqda dərhal bizə məlumat vermələrini xahiş edirik", - deyə Ə.Əliyeva bildirib.
Bizim.Media