Lerik rayonunda qarlı və küləkli hava şəraiti nəticəsində qar uçqunu baş verib. Son günlər yağan güclü qar bölgədə yolların bağlanmasına səbəb olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəran-Lerik magistralında hərəkət bərpa edilsə də, ucqar kəndlərə aparan yollar hələ də çətin keçilən vəziyyətdədir.
Xüsusilə Lerik-Hamarat-Vijaker yolunda uçqunlar qeydə alınıb və 20-yə yaxın kəndin sakinləri çətinliklə üzləşib.
Hazırda yol təhlükəsizliyi xidmətinin əməkdaşları həmin ərazidə tədbirlər görür. Lerik rayonunda fövqəladə hallar üzrə məsul şəxslər bildirirlər ki, güclü külək və qar səbəbindən bəzi kəndlərdə vəziyyət daha da mürəkkəbləşib. Yol istismar idarəsi qar təmizləmə işlərinə davam edir. Bundan əlavə, rayonun müxtəlif yaşayış məntəqələrində elektrik enerjisinin bərpası üzrə işlər aparılır.
Hazırda bölgədə günəşli hava müşahidə olunsa da, gecə saatlarında temperaturun kəskin aşağı düşəcəyi gözlənilir.
Sabutay, Bizim.Media, Cənub bürosu