Son iki gün ərzində Quba rayonu ərazisində müşahidə edilən qarlı və şaxtalı hava rayonun Qonaqkənd istiqamətində xeyli buzlaşma yaradıb. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı “11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Bizim.Media-ya MMC-nin rəhbəri Hikmət Seyidov məlumat verib.
Onun sözlərinə görə, buz bağlamış Qonaqkənd-Ördüc, Qonaqkənd-Xaltan-Muçu, Qonaqkənd-Cimi, Qonaqkənd-Yerfi-Adur, Qonaqkənd -Qarxun-Adur, Qonaqkənd-Şuduq və Rustov-Şuduq istiqamətlərində yollara qum və duz tökülüb.
Qarlı hava şəraiti ilə bağlı Quba-Xınalıq yolu da buz bağlayıb. Quba 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanovun məlumatına görə, son iki gün ərzində yolun buzdan təmizlənməsi təmin olunub. Hazırda Quba-Xınalıq yolunda avtomobillərin hərəkətinə heç bir maneə yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu