““Azərbaycan Atabəyləri” filminin ideya müəllifi Vətən Müharibəsi və Qalib Azərbaycan faktorudur”.
Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin prodüseri və ssenari müəllifi Sərvər Bayramov “Azərbaycan Radiosu - 105 FM”in efirində bildirib.
S. Bayramov qeyd edib ki, bizim zəngin mədəni irsimiz hər kəsə bəllidir:
“Lakin bəzi tarixi türk seriallarında Azərbaycanın tarixi ərazilərinin adının çəkilmədiyini müşahidə etdik. Həmin vaxt biz mərhum tarixçi Kərəm Məmmədovu bu məsələyə cəlb etdik və Türkiyədə tarix institutuna müraciət etdik. Nəticədə Gəncə və digər tarixi ərazilərimizin adları həmin seriallarda çəkilməyə başladı”.
Qeyd edək ki, "Atabəylər" filmində Dəbil döyüşü, 1139-cu il böyük Gəncə zəlzələsi və dövrün saray çevrilişləri kimi hadisələr də əks etdirilib. Ekran əsərinin ssenari müəllifləri, eyni zamanda prodüserləri Sərvər Bayramov və İlqar Mehti, quruluşçu rejissoru isə Məcit Güvəndir.
Filmin çəkilişləri Azərbaycan və Türkiyədən olan peşəkar kino işçilərinin birgə əməkdaşlığı ilə həyata keçirilib. “Şahdağfilm” ilə Türkiyədə tarixi filmlərin istehsalçısı kimi tanınan “İkinciYeniFilm” bu böyük layihədə imkanlarını birləşdirərək yüksək peşəkarlıq nümayiş etdiriblər. Yaradıcı və texniki heyətin 80 faizindən çoxu azərbaycanlı kino mütəxəssisləridir.
Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslərdən istifadə edilib. 500-ə yaxın xüsusi geyim hazırlanıb, yüzlərlə əlbəsə, rekvizit və aksesuar istehsal edilib və ya satın alınıb.
Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.
Qeyd edək ki, film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Azərbaycan Televiziyası, “Şahdağfilm” və Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə iştirakı ilə ərsəyə gətirilib.
Bizim.Media