Astaranın SİRLİ ABİDƏSİ – Üzü qibləyə tikilməyən, Şah İsmayılın namaz qıldığı MƏSCİD – VİDEOREPORTAJ

Astaranın SİRLİ ABİDƏSİ – Üzü qibləyə tikilməyən, Şah İsmayılın namaz qıldığı MƏSCİD – VİDEOREPORTAJ

Hazırda oxunan: Astaranın SİRLİ ABİDƏSİ – Üzü qibləyə tikilməyən, Şah İsmayılın namaz qıldığı MƏSCİD – VİDEOREPORTAJ

225096

Azərbaycanın cənubunda, Xəzər sahilində, Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən Məhəmməd Hənəfiyyə məscidi tarixin izlərini daşıyan nadir dini və memarlıq abidələrindən biridir. Bu məscid, yalnız memarlıq üslubu ilə deyil, həm də onunla bağlı olan rəvayətlər və inanclarla diqqət çəkir. Eyni zamanda məscidin üzü qibləyə deyil, dənizə sarı tikilməsi, Şah İsmayılın məhz bu ərazidə yerləşmiş məsciddə namaz qılması  faktı bura gələn ziyarətçilərin hər zaman marağına səbəb olub.

Tarixi köklər və memarlıq xüsusiyyətləri 

Tarixi mənbələrə görə, bəhs etdiyimiz ərazidə məscid ilk dəfə 15-ci əsrin sonlarında , Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin göstərişi ilə inşa edilib. Zamanla dağıntılara məruz qalan bu abidə sonradan  yenidən tikilib və indiki görkəmini alıb. Maraqlı məqam isə məscidin istiqaməti ilə bağlıdır. Əksər ibadət məkanlarının qibləyə yönəldiyi halda, bu məscid Xəzər dənizinə tərəf tikilib.   

Ərçivan kənd sakini olan tarixçi Əli Əliyev bildirir ki, tarixi mənbələrdə Ərçivanda ibadət məkanının XV əsrin 60-70-ci illərinə aid olduğu faktları mövcuddur.

O dövrün siyasi gərginliyi, xüsusən də Qaraqoyunlu və Ağqoyunlu dövlətləri arasında gedən mübarizə fonunda bu məkanın yaranması təsadüfi deyil:

"XV əsrdə Uzun Həsənin Qaraqoyunlu hökmdarı Cahanşah üzərində qələbəsindən sonra bölgədə şiə məzhəbinin mövqeyi gücləndi. Bu dini oyanış dövründə Ərçivanda belə bir məscidin mövcud olması təbiidir".


Məhəmməd Hənəfiyyə məscidinin tikintisində əsasən qırmızı kərpic və taxta materiallardan istifadə olunub. Onun taxtadan hazırlanmış tavanı dövrün memarlıq xüsusiyyətlərini əks etdirir. Məscid iki hissəyə bölünüb: bir bölmə kişilər, digəri isə qadınlar üçün nəzərdə tutulub. Azan səsinin ətrafa yayılması üçün məscidin damında 3 metr hündürlüyündə, 7 pilləli ağac minarə inşa edilib. 

Məscidin adının mənşəyi 

Məscid öz adını Həzrəti Əlinin üçüncü oğlu, Həsən və Hüseyndən sonra anadan olan Məhəmməd Hənəfiyyədən alıb. İmam oğlu olduğu üçün bu məkanın onun adına bağlanması məntiqli görünür. Məscidin imamı Cahid Sadıqov deyir ki, adın seçimi ilə bağlı dəqiq tarixi sənədlər olmasa da, babalardan qalan rəvayətlərdə məscidin Şah İsmayıl Xətainin dövründə şiəlik məzhəbinin gücləndirilməsi məqsədilə tikildiyi deyilir:

"Bəziləri Məhəmməd Hənəfiyyəni digər tarixi şəxslərlə səhv salır və ya onun burada dəfn edildiyini zənn edir. Lakin tarixi faktlar göstərir ki, o, ömrünü Mədinədə keçirib və orada vəfat edib. Ümumiyyətlə, ənənəyə görə hər bir məscid dini-tarixi şəxsiyyətin adına tikilir. Ərçivan məscidinin adı isə sadəcə onun şərəfinə verilib və bu, məscidin dini əhəmiyyətini artıran bir faktdır".

Sirlərin məkanı 

Məscid haqqında maraqlı bir fikir də onun altında müqəddəs bir şəxsin dəfn olunma ehtimalıdır. Cahid Sadıqovun sözlərinə görə, məscidin insanları bu qədər cəlb etməsi təsadüfi deyil. Ziyarət üçün hətta uzaq Rusiyadan belə insanların gəlməsi, məscidin sadəcə bir bina olmadığını, onun mənəvi güc daşıdığını göstərir. Məscidin giriş və ibadət zalına keçən qapılarının kiçik olması, bu məkanda müqəddəs bir şəxsin dəfn olunduğu ehtimalını artırır. Belə ki, kiçik qapılar ziyarətçilərin ehtiram göstərərək əyilməsi üçün nəzərdə tutulub.


Şah İsmayılın izləri 


Tarixi mənbələr göstərir ki, Şah İsmayıl Xətai uşaqlıq illərində bir müddət Ərçivanda yaşayıb və bu məsciddə ibadət edib. 1499-cu ilin qışında Lahicandan gələn gənc İsmayılın bu bölgədə tərəfdarları ilə birlikdə məskunlaşması məscidin tarixində xüsusi bir iz buraxıb.

Əli müəlim deyir ki, məscidin tarixi əhəmiyyətini artıran ən maraqlı məqamlardan biri məhz Şah İsmayıl Xətainin buradakı fəaliyyəti ilə bağlıdır. Əli müəllimin sözlərinə görə, Şah İsmayılın 1499-1500-cü illərdə Ağqoyunlu hökmdarlarının təqiblərindən yayınaraq Ərçivanda məskunlaşması tarixi faktlara əsaslanır:

"Şah İsmayılın Ərçivan məscidində namaz qılması ehtimalı çox yüksəkdir. Onun bu bölgədə şiə məzhəbini gücləndirmək üçün gördüyü işlər bu ehtimalı daha da artırır. Cənub ərazilərimizdə şiə məzhəbinin təsirinin artmasında onun fəaliyyəti böyük rol oynayıb."

Üzü dənizə...

Cahid Sadıqov deyir ki, məscidin nə üçün dənizə sarı tikildiyinə dair hər hansı bilgi, hətta həqiqətə yaxın fərziyyə belə yoxdur. Təbii ki, tikili aparanlar qiblənin hansı səmtdə olduğunu yaxşı biliblər, lakin...

"Sadəcə hər kəsin dədə-babadan qəbul etdiyi bir fikir var. O vaxt məscidin əsasını qoyublar, səhər tezdən isə görüblərki, özül üzü dənizə sarı dəyişib. Elə tikintini də bu səmtlə davam etdiriblər. Amma dediyim kimi, bu sirr hələ də açılmayıb. Məscidin tam aşağı hissəsi daha qədim tarixi özündə yaşadır. Zamanla bu tarix necə deyərlər örtülüb. Azərbaycanda, məncə elə dünyada da yeganə məsciddir ki, üzü qibləyə tikilməyib"


Müasir dövr və qorunma 


Hazırda məscid XIX əsrin memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Çünki tam olaraq Ərçivan məscidi XIX əsrin memarlıq üslubunu özündə əks etdirir. Lakin Əli müəllimin fikrincə, bu bina həmin ərazidə əvvəl mövcud olmuş XV əsrə aid məscidin təməlləri üzərində inşa edilib:

"Hal-hazırda gördüyümüz bina XIX əsrdə tikilib. Lakin əvvəlki məscidin çay daşı və taxta kimi təbii materiallardan inşa edildiyini güman etmək olar. Bu məscidin qədim tarixi, onun əvvəlki mövcudluğu ilə sıx bağlıdır."

Bu məkan həm tarixçilər, həm də ziyarətçilər üçün xüsusi əhəmiyyət kəsb edir. Onun mənəvi gücü və mistik atmosferi hər il yüzlərlə insanı buraya cəlb edir.  Məscidin imamı deyir ki, bura hətta uzaq Rusiyadan xristian məzhəbli ziyarətçilər də bura gəlir.

"Sonuncu dəfə bir rus qadın gəlmişdi. Deyir buranı internetdə görüb. Qəribə şəkildə məhz bu məscidi ziyarət etmək ürəyindən keçib."

Dənizdən-dənizə

Məscidlə  bağlı olan rəvayətlər, memarlıq xüsusiyyətləri və tarixdə oynadığı rol bu məkanı təkcə dini ibadət yeri deyil, həm də milli irsimizin bir parçası halına gətirir. Əli müəllim deyir ki, tələbəlik illərində tarixi romanların ölməz müəllifi Fərman Kərimzadə ilə sözügedən dövrlər haqqında onunla xeyli maraqlı söhbətləri olub.

"Məhz Fərman müəllimin "Xudafərin körpüsü" əsərində də Şah İsmayılın Ərçivan səfərinə dair maraqlı fəsil var".

Sözügedən məscid sovet illərində kifayət qədər dağıntıya da məruz qalıb. Bəlkə də tariximizi romanlara köçürən Fərman Kərimzadə kimi böyük şəxsiyyətlərimiz də məhz sovet konyukturasının basqısı altında bu cür abidələrimizin sirrini araşdıra bilməyiblər.

70 illik sovet qadağasından sonra 1989-cu ildə bu məscidin minarəsindən azan səslənib, özü də üzü dənizə sarı. Kim bilir, bəlkə də minarədən aydınca  görünən dənizə sarı işarə, məscidin dənizə sarı tikilməsi Şah İsmayılın Xəzərdən Aralıq dənizinə qədər uzanan imperiyasını bizə xatırladır?


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO