3-cü İsrail-Livan müharibəsi deyəsən bitir. Livanda aylar sonra ilk dəfə səhər bombasız, silah səsləri olmadan açıldı. Köçkün insanlar evlərinə belə qayıtdı. Noyabrın 27-si tarixə İsrail-Livan sülh razılaşması kimi düşür.
Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin hazırladığı “Yekun xəbər” proqramında yer alıb.
“İsrailin Livana hücumları bu ilin sentyabrında başlamışdı. Buna səbəb İranın proksi qüvvəsi Hizbullahın Livandan İsrailə raket zərbələri idi.
Qəzzada müharibə başlayandan Hizbullah İsrailə göz verib, işıq vermirdi. İsrail əvvəlcə Hibullah üzvlərinə aid peycerləri partlatdı, sonra Livana aviazərbələr endirdi. Qruplaşmanın rəhbəri Həsən Nəsrullahı öldürdükdən sonra isə quru əməliyyatına keçdi. Bütün bunlara görə İsrail İranla da üz-üzə gəldi. İndi gərginliklər arxada qala bilər.
Çoxlarına görə bu sadəcə bir fasilədir, həll yolu deyil. İran İsarilin üzərinə saldığı Hizbullahın sakitləşməsinə imkan verəcəkmi? Təbii ki, Tehran hazırda atəşkəsin olmasında maraqlıdır. İsrail son aylar Hizbullahda böyük yara açıb. İndi o yaranı sağaltmaq üçün vaxt lazımdır.
Bəs, Hizbullah yenidən ayağa qalxandan sonra nə olacaq? Çoxları düşünür ki, Netanyahu atəşkəs razılaşmasına getməyə məcbur olub. Bir tərəfdən Baydenin təzyiqləri. Digər tərəfdən Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə order verməsi.
Netanyahunu bu təzyiqlərdən Donald Tramp xilas edə bilər. Trampın İranla da münasibəti yumşaq olmayacaq. O zaman sual yaranır. 60 gündən sonra İsraillə Hizbullah və ya İsraillə İran arasında nə baş verəcək?”, materialda deyilir.
Bizim.Media