Paytaxtımızın ən böyük və mühüm tibb müəssisələrindən biri olan Travmatologiya və Ortopediya İnstitutu acınacaqlı vəziyyətdədir.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu öz “Facebook” hesabında xəstəxananın yararsız olduğuna dair videogörüntü paylaşıb.
Kadrlardan aydın görünür ki, tibb müəssisəsinin döşəməsi qopub-sökük, qapı-pəncərələri yararsız vəziyyətdədir. Yəni xəstəxananın görkəminə dair sağlam heç nə yoxdur. Bir sözlə ən sıx və gərgin işləyən xəstəxananın tez bir zamanda təmirə ehtiyacı var.
Şahbaz Xuduoğlu sözügedən xəstəxanada çalışan tibb bacısının davranışlarından da şikayətlənib:
“Bu gün yolum təsadüfən Travmatologiya Xəstəxanasına düşdü və orada gördüklərimdən gerçək reallıq qarşısında xəcalət çəkdim. Dəhlizdə metlaxlar dağılıb, qapılar sınıq-sökük, xəstələr isə çarəsiz durumdadır. Dəhlizin sonunda dayanan gülərüz tibb bacılarına səslənərək, “Xəstə sizi çağırır, eşitmirsinizmi?” dedim. Onlar isə, “Eşidirik, amma bu sizi niyə narahat edir ki?” cavabını verdilər”.
Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi mətbuata açıqlamalarında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun əsaslı təmiri üçün açıq tender elan olunduğunu bildirib.
Bizim.Media