06 oktyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycan Gorus Rayon İcması həmin rayondan olan bir qrup ağsaqqallarla və bu il tələbə adını qazanmış gənclərlə görüş keçirib.
Bizim.Media xəbər verir ki, tədbiri giriş sözü ilə açan Gorus rayon icmasının sədri Etibar Həsənov iştirakçıları Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin adından salamlayaraq bildirib ki, Qərbi Azərbaycan İcması (Western Azerbaijan Community) həm ölkə daxilində, həm beynəlxalq müstəvidə Qayıdış konsepsiyasının müddəalarının icrası istiqamətində səmərəli işlər görməkdədir.
Bu fəaliyyətin tərkib hissəsi kimi Gorus rayon icması tərəfindən bu günki tədbirin keçirilməsində məqsəd də rayonun yaşlı sakinləri ilə gənclər arasında sosial, mədəni dialoqun qurulması, gənclərə Ata yurda qayıdış konsepsiyasının təbliği və tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan soydaşlarımızın ermənilər tərəfindən zorla qovulması, deportasiyaya uğradılması və mədəni irsimizə qarşı olan vandalizm barədə canlı şahidlərdən bilavasitə eşitmələrini təmin etməkdən ibarətdir.
Tədbir zamanı icma üzvlərindən ağsaqqallar, ağbirçək analar və ziyalılar çıxış edərək, Gorus rayonun tarixindən, etnoqrafiyasından, mədəniyyətindən, adət-ənənələrindən, həmçinin 1905-ci ildən 1988-ci ilə kimi bir neçə dəfə Gorus sakinlərinin erməni təcavüzkarlığına, vandalizminə məruz qalaraq öz ata-baba yurdlarından didərgin salınmalarından danışıblar.
Daha sonra icma sədri Etibar Həsənov bu tədbirin müəllimlərin peşə bayramına təsadüf etdiyini vurğulayaraq, Gorus rayonundan olan müəllimlərimizi bu münasibətlə təbrik edib və həmçinin cari ildə tələbə adını qazanmış tələbələri təbrik edərək, tələbələrin tədbirdə iştirak edən qisminə icmanın hədiyyələrini təqdim edib.
Həmçinin tədbir çərçivəsində Gorus rayon icmasının üzvlərinin bir qisminə vəsiqə və döş nişanları təqdim edilib.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.
Bizim.Media