Gürcüstanın Kvemo Kartli regionunun Dmanisi şəhərində vəziyyət stabilləşib.
Bizim.Media “Sputnik Georgia”ya istinadən xəbər verir ki, Dmanisidə azərbaycanlıların “svan barbarlığı”na məruz qalmaları və onların cinayətkarların cəzasızlığına etirazı səngiyib. Amma gürcü polisinin əlavə qüvvələri hələ də həmin ərazidədir.
MÖVZU İLƏ BAĞLI:
Dmanisi hadisələrində erməni təxribatı – Svanları kim təxribata çəkib?
Gürcüstanın etnik azərbaycanlıları və Svanetidən olan eko-miqrantlar (svanlar) arasında baş verən və sutkalarla davam edən toqquşmalarda xəsarət alanlar var. Gürcüstan saytları və dövlət idarələri ağır zədələnənlərin olmadığını desə də, bir neçə azərbaycanlının ölümcül döyülməsini təsdiqləyən görüntülər mövcuddur.
Elə soydaşlarımızın Dmanisi polis idarəsinin ətrafında etiraza toplaşmasına da əsas səbəb budur ki, cinayətkarlar cəzasız qalmasın.
Yerli sakinlərdən aldığımız məlumata görə, əliyalın azərbaycanlıları təkləyərək dəyənəklə döyən svanlar gürcü mənşəli olduqları üçün polis onları həbs etməyib və sadəcə olaraq azərbaycanlılardan gizlətmək üçün idarədə saxlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi isə bu informasiyanı təkzib edərək insidentlə bağlı araşdırmaların getdiyini açıqlayıb. Belə ki, hazırda kütləvi davada iştirak edənlər sorğuya alınıb.
Soydaşlarımızın Dmanisi etirazından bəzi görüntüləri təqdim edirik:
Anar Rəhimov, Bizim.Media