"Bir həftə əvvəl İsrail məhkəməsi qərar çıxardı ki, əvvəllər sahibi yəhudilər olan evlərdən 8 ərəb ailəsi çıxarılsın. Belə ki, 40-cı illərdə Qüdsün şərq hissəsinə nəzarət edən İordaniya hökuməti qanunsuz olaraq oradan yəhudiləri çıxararaq ərəbləri köçürüblər"
Bu sözləri Bizim.Media-ya eksklüziv müsahibəsində İsraildən olan yəhudi politoloq və tarixçi Mixail Finkel bildirdi. Finkelin sözlərinə görə, hazırda İsrail tarixi ədaləti bərqərar edir:
"İsrail vurğulayır ki, qanunsuz yolla ələ keçirilən evləri, mülkləri oradan sürgün olunan yəhudilərə qaytarmaq lazımdır. Məsələ budur. Onu da deyim ki, yəhudilər qanunsuz yolla ərəblərə aid evlərə köçəndə İsrail məhkəməsi onları da həmin mülklərdən çıxardır. Əmlak qanunvericiliyindən söhbət gedir.
MÖVZU İLƏ BAĞLI:
İsrail qırıcısı Fələstin komandirlərindən birini məhv etdi - FOTO
Ardınca bizim polis və sərhədçilər Əl-Əqsa məscidinə girəndə orada Həmas terrorçuları var idi. Bu təşkilat beynəlxalq birlik tərəfindən terrorçu kimi tanınır. Onları terrorçu kimi tanıyanlar arasında ABŞ və Avropa Birliyi də var. Asiya ölkələrinin də terror qruplaşması kimi tanıdığı Həmas çoxsaylı avtobus, qatar, xəstəxana partlayışlarının müəllifidir. Həmin terrorçular Əl-Əqsa məscidindəydi. Onlar məsciddə daş parçalarını soyuq silah kimi istifadə edərək bizim vətəndaşlara atırdılar"
İsrailli politoloqun sözlərinə görə, məscidə toplaşan fələstinli terrorçular bıçaq və zəncirlə də silahlanmışdı. Hücumların qarşısını almaq üçün isə polis məscidə girməli oldu:
"Ramazan bayramını təhqir etmək bizə lazım deyildi. Biz dünya müsəlmanlarını hiddətləndirmək istəmirdik. Birjamızın indekslərini itirmək də bizə lazımsız idi. Təhlükəyə görə İsrailə avia xəbərlərin kəsilməsi də bizə gərəkmirdi. Biz yalnız uduzduq, zəfər qazanmadıq. Amma ədalət və milliyyətindən asılı olmayaraq vətəndaşlarımızın müdafiəsi hər şeydən vacibdir.
Qeyd edim ki, İsraildə çox sayda müsəlman yaşayır. Xristianlar da az deyil. İsrail vətəndaşları arasında kilsə, məscid və sinaqoqlarda çalışanlar var. Mədrəsələr var, halal ət yeyirik. Bütün İsraildə səs yüksəldicilər vasitəsilə namaza çağırış (azan) verilir. Bəziləri bunu bəyənmir, bu, çox adamı yuxudan oyadır. Amma demokratik ölkədir, olmalıdır. Sadəcə, bütün bunlar Əl-Əqsa məscidini insanlara hücum etmək üçün istifadə etməyə haqq qazandırmır.
Cinayətkarlar saxlanılanda əsl yox, rezin güllələrdən istifadə olunurdu. Şok qumbara, gözyaşardıcı qaza əl atılıb. Terrorçular həbs olunub və məscid fəaliyyətini davam etdirir. İsrailin məscidi təhqir etdiyi barədə yalana görə isə Həmas bizim şəhərləri atəşə tutmağa başladı.
İsrailə 2 mindən çox raket atılıb və 10 nəfərdən artıq dinc sakin öldürülüb. Yüzlərlə yaralı var. Onlar qəsdən dinc sakinləri hədəfə alırlar. İsrail isə cavab atəşini yalnız Həmas olan Qəzza zolağına yönəldir.
Atəşlərdən öncə isə ərəbcə xəbərdarlıqlar göndəririk ki, dinc sakinlər həmin zonanı tərk etsinlər. Qəsdən günahsız insanları da öldürmürük, bu ağ yalandır. Bütün beynəlxalq konvensiya, normalara riayət edirik. Üzülürük ki, Qəzzada dinc sakinlər də qurbana çevrilir. Amma bu bəzən baş verir.
Çünki Həmas dinc sakinləri canlı qalxan olaraq istifadə edir",- deyə Mixail Finkel cavabını tamamlayıb.
Müsahibə və mövzuya uyğun görüntülərə təqdim etdiyimiz videodan da baxa bilərsiniz:
Anar Rəhimov, Bizim.Media