Ər və arvad arasında yaranan mübahisənin böyüməsi nəticəsində 30 yaşlı qadın xəstəxanalıq olub. Hadisə Göygöl şəhər Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində qeyd alınıb. Cavid Məmmədov ailə münasibətləri zəminində yaranmış münaqişə zamanı həyat yoldaşı, Asimə Məmmədovaya bıçaqla bir neçə xəsarət yetirib. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Tibb müəssisəsinin əməkdaşı Samirə Cəfərovanın Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə bu gün səhər saatlarında, 8:15 radələrində Göygöl rayonundan Asimə Məmmədova adlı şəxs xəstəxananın TTY şöbəsinə gətirilib:
“Xəstə döş qəfəsinin içəri keçmiş deşilmiş-cırılmış yarası ilə müraciət etmişdi, cərrahi müdaxilə edildi. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam edir. Zərərçəkmişin sözlərinə görə ona həyat yoldaşı tərəfindən xəsarət yetirilib” deyə xəstəxana rəsmisi əlavə edib.
Cavid Məmmədov sözügedən cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu