Federasiya Şurasında Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 21-ci iclası keçirilib.
Bizim.Media xəbər verir ki, tədbiri Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin aparıb.
İclasda A.Yatskin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər daim mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələri əsasında inkişaf edir.
İki ölkə arasında münasibətlərin xüsusi statusu müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə rəsmiləşdirilib.
“Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin etibarlı dialoqu ölkələrimiz arasında siyasi təmasların və səmərəli əməkdaşlığın dinamikasını müəyyən edir”, - deyə Federasiya Şurasının birinci müavini bildirib. O əlavə edib ki, Rusiya parlamentinin hər iki palatasının sədrləri - Valentina Matviyenko və Vyaçeslav Volodinin ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında müntəzəm görüşlər və telefon danışıqları keçirilir.
A.Yatskin vurğulayıb ki, iki ölkənin parlamentlərarası əməkdaşlığı fəal inkişaf etdirilir. “Biz MDB Parlamentlərarası Assambleyası, Parlamentlərarası İttifaq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyasında qarşılıqlı fəaliyyət göstəririk”, - deyə o bəhs edib.
Onun sözlərinə görə, fevral ayında Stavropol diyarında keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu mühüm hadisə olub. İndi Rusiyanın 70-dən çox regionu Azərbaycanla regionlararası əməkdaşlıqda iştirak edir.
“Azərbaycan Rusiyanın kənd təsərrüfatı sahəsində ənənəvi tərəfdaşıdır. Ölkələr arasında əməkdaşlığın inkişafı ərzaq təhlükəsizliyi sahəsində risklərin qarşısını almağa imkan verir. Rusiyada Azərbaycan müəssisələri ilə birgə aqrolayihələr inkişaf etdirilir, ərzaq məhsulları və kənd təsərrüfatı texnikasının tədarükündə perspektivli qarşılıqlı fəaliyyət qurulub. Ölkəmiz qarşılıqlı tədarükün həcminin və mal çeşidinin artırılmasında maraqlıdır”, - deyə Federasiya Şurasının birinci müavini bildirib.
O qeyd edib ki, iş üçün əsas mövzu Rusiya ilə Azərbaycan arasında nəqliyyat və logistika əməkdaşlığı, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafıdır. Rusiya və Azərbaycan Xəzəryanı dövlətlərin beşliyinə daxildir və məhz buna görə də dəhliz fəal inkişaf və əməkdaşlıq üçün ilkin şərtlər yaradır.
Daha bir mühüm məsələ ümumi təhsil, elm və dil məkanının qorunub saxlanmasıdır. Rusiya və Azərbaycan ənənəvi olaraq təhsil və elm sahələrində əlaqələr qurur.
Hazırda Azərbaycanda 300-dən çox rusdilli məktəb fəaliyyət göstərir, rus dilinin öyrənilməsi üzrə resurs mərkəzləri açılıb, Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Eyni zamanda, Rusiya ali məktəblərində Azərbaycandan 8 minə yaxın tələbə, onlardan 1000-ə yaxın tələbə Rusiyanın federal büdcəsinin hesabına təhsil alır.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, əməkdaşlıq üzrə komissiyanın iclası ikitərəfli parlamentlərarası əlaqələrin inkişafına mühüm töhfə verəcək. “Xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Sevindirici haldır ki, bu gün biz dövlətlərarası münasibətlərimizi məhz bu möhkəm tarixi zəmin üzərində inkişaf etdiririk”, - deyə o bildirib.
“Rusiya Qafqazda regional təhlükəsizlik baxımından fundamental ölkədir və dövlətlərimizin qarşılıqlı fəaliyyətindən çox şey asılıdır”, - deyə Ə.Hüseynli vurğulayıb.
İclasda, həmçinin Rusiya Federasiyasının Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 2024–2026-cı illər üçün iş planının (“yol xəritəsi”) imzalanması mərasimi keçirilib.
Bizim.Media