Hərbi ekspert Telman Qasımov İrəvana səfər etdiyini deyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.
“35 ildən sonra mən doğma şəhərimə baş çəkdim və ərazimizə getdim. 17 yaşıma kimi Komitas küçəsi 5A ünvanında yerləşən evimizdə yaşamışam. Evimizi ziyarət etdim. 35 ildən sonra 52 yaşımda yenidən evə qayıtdım.
Mən simvolik olaraq Qərbi Azərbaycana gələn ilk azərbaycanlıyam. Uşaqlığımı İrəvanda keçirmişəm. İrəvan mənim ata yurdumdur. Evimə getməyə şansım az idi. Çox xahiş etdikdən sonra icazə verdilər. Səhər saatlarında gediş-gəliş az olduğu üçün o saatları seçdik. Özüm də başqa formada idim. Qapımıza qədər getdim, amma qapını döyə bilmədim.
Bizim evimizdə Bakı erməniləri yaşayır. Qonşularla mehriban olmuşuq. Təəssüf ki, xüsusilə Sumqayıt hadisələrindən sonra ermənilər azğınlaşdılar. Məni kimsə görsə idi, tanımazdı. Lakin özümdən asılı olmayaraq tanış simanı görə bilərdim. Küçədə hərəkətlilik artanda ərazini tərk etdik. Küçələr sanki bizim üçün darıxmışdı. Şükürlər olsun ki, 52 yaşımda İrəvanı görmək mənə qismət oldu. Mən Ermənistan hakimiyyətinə sübut etdim ki, onlarda heç bir təhlükəsizlik sistemi yoxdur, dövlət sərhədi ümumiyyətlə qorunmur", - deyə o, "Minval”a açıqlamasında qeyd edib.
T.Qasımov, həmçinin vurğulayıb ki, İrəvanda nəzərəçarpan dəyişiklik yoxdur: "Hər yerdə köşklər, dükanlar var. Yeni infrastruktur nəzərə çarpmır. Təpəbaşı məhəlləsini kənardan izlədim. Məhəlləyə girə bilmədim. Çünki missiya başqa idi. Kənardan izlədiyim qədər müasir binalarla mühasirəyə alınıb".