Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov olub.
O, doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndindən söhbət açıb. Bildirib ki, kəndin əvvəlki adı Çuxurlu, Çamırlı, Ortakənd və Hüseynquluağalı olub. Sovet hakimiyyəti illərində bu kəndin adı yenidən dəyişdirilərək, böyük partiya və dövlət xadimi Nəriman Nərimanovun adı ilə əlaqələndirilib. Müsahib bildirib ki, üç minə yaxın sakini olan Nərimanlıda 1988-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıblar.
Kənddə elmə və təhsilə böyük maraq olduğunu dilə gətirən professor qeyd edib ki, o dövrdə hər il kənd orta məktəbini bitirən məzunların 70-80 faizi ali məktəblərə qəbul olub, tələbə adını qazanıb:
“Nərimanlı kəndinin özünəməxsus ənənələri var idi. Bu ənənələrdən biri də təhsilli, bilikli, savadlı olmaq uğrunda mübarizə aparmaq, kəndin yeniyetmə və gənclərini bu istiqamətə yönəltmək idi. Hər bir ailə başçısı öz övladını təhsilli görmək istəyirdi. Bu mühitin formalaşmasında, qorunub saxlanılmasında Nərimanlı kənd orta məktəbinin, orada dərs deyən müəllimlərin də özünəməxsus rolu var idi. Sözügedən təhsil ocağının yetirmələri arasında 400-dən çox müəllim var.
Bu məktəbdə orta təhsil almış, vaxtilə Nərimanlıda yaşamış 200-dən çox həkim hal-hazırda nəinki Azərbaycanda, eləcə də ABŞ, Almaniya, Türkiyə, Rusiya, Özbəkistan və digər ölkələrdə səhiyyə sektorunda çalışır. Vaxtilə Nərimanlı kənd orta məktəbi bitirənlərdən hazırda 12 nəfər elmlər doktoru, 22 nəfər fəlsəfə doktoru elmi adını daşıyır. Nərimanlıda tələbə adını qazananlara kənd sakinləri hörmətlə yanaşır, evlərinə qonaq dəvət edir, öz övladlarına nümunə göstərirdilər.
Ümumiyyətlə, Nərimanlı kənd orta məktəbi Basarkeçər rayonunun qabaqcıl təhsil ocağı hesab olunurdu”.
Ötən əsrin əvvəlində və ayrı-ayrı vaxtlarda Qərbi Azərbaycanda soydaşlarımıza qarşı tətbiq edilən deportasiyalardan söhbət açan N.Bayramov deyib ki, 1948-ci il deportasiyasında öz el-obasından didərgin salınanların yarısı o dövrdə müxtəlif səbəblərdən həlak olub. Onun sözlərinə görə, sovet hakimiyyəti illərində Qərbi Azərbaycanda soydaşlarımız daim ermənilərin təzyiqlərinə məruz qalıblar. 1988-ci il hadisələri zamanı isə təkcə Basarkeçər rayonundan 50 minə yaxın azərbaycanlı deportasiya olunub:
“1988-ci ildə ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı müxtəlif təzyiq və təhdidlərə, fiziki və mənəvi işgəncələrə məruz qoyaraq, zor gücünə öz evlərindən qovdular. Qış aylarına təsadüf edən bu hadisələr zamanı soydaşlarımız çox böyük çətinliklərlə üz-üzə qaldılar. Onlar arasında öldürülən, əmlakı talananlar da oldu.
Amma Azərbaycanın Qarabağ bölgəsindəki erməniləri heç kim zorla evindən çıxarmadı. Seçimi onlar özləri etdilər. Getmək istəyənlər dinc şəkildə, təhlükəsiz qaydada Qarabağı tərk etdi, qalmaq istəyənlər də hazırda orada yaşayışlarını davam etdirirlər. Halbuki Qərbi Azərbaycanda soydaşlarımıza bu cür seçim imkanı yaradılmamış, belə xoş rəftar tətbiq edilməmişdi. Əslində ermənilərlə azərbaycanlıların bir fərqi də bundadır”.
AMEA-nın müxbir üzvü Nuru Bayramov həm də Qərbi Azərbaycan İcmasında Basarkeçər Rayon İcmasının sədri vəzifəsi daşıdığından indiyə qədər orada görülən işlərdən də söhbət açıb. Qərbi Azərbaycana qayıdışın mərhələli şəkildə həyata keçiriləcəyini diqqətə çatdıran professor tarixi torpaqlarımıza sahib çıxmağın başlıca hədəf olduğunu vurğulayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı videomaterialda:
Bizim.Media