Bakı şəhərinin müxtəlif ərazilərində dayanma və durma qaydaları pozulur. Bu hal həmçinin yolda nəqliyyat vasitələrinin hərəkətinə də mane olur.
Bizim.Media xəbər verir ki, qaydaları pozan sürücülər isə avtomobillərinin yük yerini açıq vəziyyətdə saxlamaqla cərimədən yayınmağa çalışırlar.
Məsələn, 3 mikrorayon dairəsində, "20 Yanvar" metrostansiyasının yaxınlığında belə vəziyyət yaşanır.
Üzeyir Hacıbəyov küçəsində də bənzər mənzərini görmək mümkündür. Burada hətta maşının dövlət qeydiyyat nişanı görünməsin deyə avtomobilin qarşısında dayanan da var.
8-ci km bazarının yaxınlığı, eləcə də şəhərin digər küçə və prospektlərində bənzər mənzərəni görmək mümkündür. Sürücülər əlacsız qaldığları üçün bu üsula əl atdıqlarını deyirlər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə dayanma və durma qaydalarını pozan sürücülərə müraciət edib.
Mərkəzin rəsmisi Rauf Mirqulamov bildirib ki, sürücülər inzibati məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Amma bu hallara yol verənlər İnzibati Xətalar Məcəlləsi ilə daha böyük məbləğdə cərimələnəcəklər.
NİİM rəsmisinin sözlərinə görə, elə ərazilər var ki, orada dayanma və durma qadağandır, amma sürücüyə müəyyən müddətlik güzəşt edilir. Qeyd edək ki, hazırda dayanma və durma qaydalarının pozulmasına görə cərimə iyirmi və qırx manat məbləğindədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media