DYP yararsız avtomobillərlə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirir.
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin Bizim.Media-ya verdiyi məlumata görə, son zamanlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobus sürücülərinin törətdiyi yol nəqliyyat hadisələrinin sayının çoxluğu və bu hadisələr nəticəsində çoxsaylı sərnişinlərin ölməsi və ya xəsarət alması səbəbindən ötən gün Masallı rayonunda sərnişin daşınması fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Tədbirin əsas məqsədi sərnişinlərin rahat və təhlükəsiz daşınmasının yoxlanılması olub.
Tədbir zamanı marşrut xətti üzrə hərəkətdə olan bir çox nəqliyyat vasitəsinin yararsız halda olması və sərnişin təhlükəsizliyi üçün lazımı avadanlıqlarının olmaması müəyyən edilib, həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bütün Respublika üzrə qeyd olunan tədbirlərin keçirilməsi davam etdiriləcək.
Bizim.Media