Avropada qeyri-qanuni miqrant daşınmasına görə xeyli azərbaycanlı HƏBS EDİLİR - VİDEO

Avropada qeyri-qanuni miqrant daşınmasına görə xeyli azərbaycanlı HƏBS EDİLİR - VİDEO

Hazırda oxunan: Avropada qeyri-qanuni miqrant daşınmasına görə xeyli azərbaycanlı HƏBS EDİLİR - VİDEO

111217

“Xoşbəxt və azad Avropa” arzusu ilə qanunsuz şəkildə Qərbə üz tutan bəzi soydaşlarımız daha bir ölkədə qalmaqal yaradıb. Bu Mərkəzi Avropa ölkəsi olan Macarıstandır. Bu dövlət Qərbi Avropaya miqrasiya üçün ən əlverişli ölkələrdən biridir. Bunun əsas səbəbi ölkənin yerləşdiyi coğrafi mövqeyidir. Belə ki, cənubdan Serbiya və Rumıniya, şimaldan isə Avstriya kimi ölkələrlə sərhəd olduğundan, qanunsuz miqrantlar həmin cənub qonşu ölkələrdən keçməklə Macarıstan ərazisi vasitəsilə Avstriyaya daxil olmağa səy göstərirlər. 

Macar mətbuatı soydaşlarımızın “qəhrəmanlıqları” barədə nələr yazır?

Bu ölkədən keçərək qanunsuz şəkildə digər Avropa dövlətlərinə getmək istəyənlər barədə yerli mətbuat son vaxtlar davamlı xəbərlər yaymağa başlayıb. Məsələn, ölkənin məşhur nəşrlərindən olan “Rendorseg” yazır ki, Baks-Kiskun rayonunda polis tərəfindən 4 əcnəbini həbs edib:
“Həmin şəxslər yük qatarının vaqonlarında gizlənərək qanunsuz olaraq Macarıstana getməyə çalışıblar. Həbs edilən qeyri-qanuni miqrantlar Əfqanıstan, Türkiyə və Azərbaycan vətəndaşları olduqlarını bəyan ediblər”.

Nəşrin başqa bir nömrəsində isə qeyd edilir ki, 5 iyul 2022-ci il tarixində saat 15:40-da Baks-Kiskun rayon Polis İdarəsinin Dərin Yoxlama və İctimai Əraziyə Dəstək Şöbəsinin uniformalı əməkdaşları Baks şəhərinin inzibati ərazisində ukraynalı qadın və azərbaycanlı kişinin idarə etdiyi iki avtomobilə baxış keçiriblər:

“Maşınların yanındakı ərazidə Suriya vətəndaşı olduqlarını iddia edən, lakin şəxsiyyətlərini və Macarıstanda qalmalarının qanuniliyini etibarlı şəkildə sübut edə bilməyən 10 qeyri-qanuni miqrant tapıblar. Miqrantları daşıyan avtomobillərin sürücüləri ukraynalı qadın və bir azərbaycanlı kişi Baks-Kiskun qraflığının polisi tərəfindən həbs edilib”.

Ölkənin “Hirado.hu” nəşri isə yazır ki, 22 oktyabr 2022-ci ildə 850-dən çox qeyri-qanuni miqrant ölkəyə daxil olmağa cəhd edib: 

“Polisin məlumatlarından da aydın olur ki, sərhəd pozucularının sayı durmadan artır. Üç həftə əvvəl yeddi min, sonra on min. Və ötən həftə 11 mindən çox miqrant Macarıstana, daha sonra isə Avropa İttifaqına qeyri-qanuni yollarla daxil olmaq istəyib”.

Nəşrin yazdığına görə miqrantların və onları qanunsuz şəkildə daşımağa çalışan sürücülər arasında azərbaycanlılar var.

Məsələ ilə bağlı Bizim.Media müəyyən araşdırmalar aparıb. Araşdırmalar nəticəsində maraqlı faktlar ortaya çıxıb.

Bəlli olub ki, Şəriq Avropa və Asiyanın bəzi ölkələrindən olan vətəndaşlar qanunsuz şəkildə Mərkəzi və Qərbi Avropaya getmək üçün daha çox istifadə etdikləri tranzit yollardan biri də Macarısatan ərazisidir. Hər il orta hesabla 50 mindən artıq miqrant bu yoldan istifadə etməklə qeyri-qanuni yolla Avropaya getməyə çalışır. 

Miqrantlar necə hərəkət edir?

Macarıstanın “Polis.hu” nəşrinin məlumatına görə miqrantlar əsasən gecə saatlarında dövlət sərhəddini keçməyə çalışırlar. Sərhədi keçə bilənləri xüsusi avtomobillər gözləyir. Avtomobillərdə çox zaman xüsusi rekanstruksiya aprılır. Avtomobilə baxış keçirərkən ilk baxışdan gözə heç nə dəymir. Lakin, polislər artıq miqrantların necə daşındığını bildikləri üçün onları aşkar etmək çətin olmur.

Hər miqrant nə qədər gediş haqqı ödəyir?

Hər bir miqrant 400 avro gediş haqqı ödəyir. Amma 15 yaşına çatmayanlar gediş haqqı ödəmir. Miqrantlar əvvəlcədən razılaşmış və onlara məlum olan nömrəli avtomobillərə sərhədə yaxın ərazilərdə oturaraq Macarıstan daxilində hərəkətə başlayırlar. Ancaq miqrantları daşıyan avtomobillər xüsusi nəzarət kameraları vasitəsilə izlənildiyindən məntəqən uzaqlaşmamış yerli polislər tərəfindən saxlanılırlar. Beləcə, min-bir əziyyət və külli miqdarda xərc müqabilində miqrantlar çox zaman mənzil başına çata bilmirlər. Macar polislərinin operativliyi və peşəkarlığı nəticəsində miqrantlar asanlıqla üzə çıxarılır. Saxlanılan miqrantlar polis bölməsində dindirilir. İlk dəfə qanunu pozan miqrantlar ölkədən deport edilir. Lakin, ikinci dəfə və daha çox qanunu pozanaları isə çox ciddi cəzalar gözləyir. 

Soydaşlarımızı gözləyən ağır cəza

Bu məsələdə təəssüf doğuran məsələdən biri də odur ki, səfərin təşkilatçıları arasında soydaşlarımıza tez-tez rast gəlinir. Avropada yaşayıb işləyən bəzi azərbaycanlılar bu cinayətin çox zaman bir parçası olurlar. Soydaşlarımız əsasən sürücü qismində çıxış edirlər. Onlar yüksək daşıma haqqı müqabilində buna gedirlər. Və macar qanunvericiliyinə görə belə sürücülər insan alverçisi kimi cinayət məsuliyyətinə cəlb ediirlər. Onları bir ildən beş ilədək, müstəsna halda isə beş ildən on beş ilədək müddətə cəza gözləyir.
 

Nəzər alaq ki, Macarıstan Azərbaycana ən isti və təmənnasız münasibət göstərən tək Mərkəzi Avropa ölkəsidir. Ona görə də dost ölkədə soydaşlarımızın belə xoşagəlməz hadisələrdə adlarının hallanması çox üzücüdür. 


Şübhəsiz ki, suç ortaqlığında həbs olunanlar arasında tam bixəbər soydaşlarımız, vətəndaşlarımız da var. Onlar bəzən başlarına nə gəldiyindən belə xəbərsiz olurlar. Adətən kiminsə “gözəl həyat” vədinə aldanaraq və heç bir hüquqi proseduralardan, qaydalardan başı çıxmayan bu adamlar asan “qurban”a çevrilirlər.

Ona görə də Bizim.Media olaraq vətəndaşlarımıza səslənirik ki, xaricə üz tutub iş dalınca getdikdə ən azı bu ölkə və onun qanunları haqqında bilgi toplasınlar. Başlarına bir iş gələndə də, törətdikləri əməldən asılı olmayaraq, lazımi orqanlara xəbər vermək, səfirliklə əlaqəyə çıxmaq, mətbuatı məlumatlandırmaq kimi hüquqları var. Bunu onların əlindən heç kim ala bilməz.

Amma bütün hallarda qanunlara əməl etmək ən doğrusudur! 

Surxay Atakişiyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO