Aztv-nin aparıcısının faciəvi TALEYİ – O, niyə Azərbaycanı tərk etdi? - FOTO

Aztv-nin aparıcısının faciəvi TALEYİ – O, niyə Azərbaycanı tərk etdi? - FOTO

Hazırda oxunan: Aztv-nin aparıcısının faciəvi TALEYİ – O, niyə Azərbaycanı tərk etdi? - FOTO

98117

Akif Nəriman oğlu... Ötən əsrin 80-90-cı illərində hamı bu şəxsi tanıyır, hörmət edirdi. Çünki, Akif Nəriman oğlu Rüstəmov o zamankı yeganə televiziyamız olan, indiki AzTV-nin ən populyar aparıcılarından biri idi.

O, 1961-ci ildə Bakının Lökbatan qəsəbəsində anadan olmuşdu. Jurnalistika ilə məşğul olan gənc Akif bir müddət Azərbaycan radiosunda müxbir, sonra “Açıq söz” qəzetində baş redaktorun müavini kimi çalışıb. 

Akif orta məktəbi bitirəndən sonra o vaxtkı İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsinə daxil olur.

1987-ci ildə institutu bitirir. Aktyor olmaq uşaqlıq arzusu imiş. Hətta instituta qəbul olunmazdan əvvəl “Babək” filmində Babəkin oğlu Buğday rolunun sınaq çəkilişlərində də iştirak edərək rola təsdiqlənib. Di gəl ki, təsdiqə qədər Leninqradda hərbi xidmətə yollandığından bu rola başqasını çəkəsi olurlar. Tələbə vaxtı şair Rəsul Həmzətov haqqında, bundan başqa, Nəbi Xəzrinin eyni adlı şeirinin motivləri əsasında çəkilmiş “Dəniz, göy, məhəbbət” televiziya filmində rol alır. 1986-cı il istehsalı olan “İşarəni dənizdən gözləyin” filmində balıqçının oğulları filmində Akif digər qardaşları Arif və Asiflə bərabər rol alıb. 

Buna baxmayaraq aktyorluq arzusu axıra qədər alınmır. İnstitutu bitirdiyi il Azərbaycan televiziyasında diktorluq müsabiqəsi elan olunur. Akif də, özündən bir yaş kiçik qardaşı Asiflə birgə bu müsabiqəyə qatılır. Maraqlısı odur ki, çoxsaylı iştirakçılar arasından finala ikisi qalır və iki qardaş bir-birinə rəqib olur.
Diktorluğa isə cəmi bircə nəfər seçilməli imiş. O vaxt Azərbaycan televiziyasının rəhbəri olan mərhum Elşad Quliyev hər ikisini yanına çağırıb deyir ki, “nə yaxşı ki, qardaşsınız, bu, məni çətin seçimdən qurtarır. İkiniz də diktor olmağa layiqsiniz, finala qədər gəlib çıxmısınız, indi isə özünüz öz aranızda qərara gəlin ki, qalib hansınız olursunuz”. 

Onda Asif böyük qardaşının qalmasını təkif edir. Beləliklə, Akifi diktor kimi işə götürürlər. Bir il sonra Moskvaya ezamiyyətə gedib, 1988-89-cu illərdə keçmiş SSRİ-nin birinci kanalında çalışır.

Elə Rüstəmov soyadını da Nərimanoğlu təxəllüsü ilə onda əvəzləyir. Deyirmiş ki, Rüstəmov milliyyətimi göstərmir.

Nərimanoğlu təxəllüsü iləsə azərbaycanlı olduğumu dərhal bilirlər. Qardaşı Asifə gəlincə, o, Azərbaycan Pedaqoji İnstitutunun məzunu olur. Amma həyatını başqa yola həsr edir. İş adamı olur. Türkiyədə, Rusiyada və İranda biznes şəbəkəsi varmış 1993-cü ildə Asif 32 yaşında avtomobil qəzasında həlak olur. 

Asifin ölümündən sonra Akif Bakıda özünə yer tapa bilmir. Aralarında cəmi bircə yaş fərqi olduğundan Akiflə Asif əkiz kimi böyüyüblərmiş. Qardaşının ili çıxandan sonra 1994-cü ilin sentyabrında televiziyadakı işindən ayrılıb, Sibirə yollanır. İşdən çıxmağını istəmirlər. Hətta gedəndən sonra bir il də işdən çıxma haqqında əmrini verməyib, öz hesabına məzuniyyət yazırlar ki, bəlkə fikrini dəyişib qayıdar. Diktor həmkarları Roza xanım, Şərqiyyə xanım, Ofeliya xanım tez-tez zəng edib geri qayıtmasını xahiş edirlər. Amma qərarını dəyişmir. Tümendə qalıb diaspor fəaliyyəti ilə məşğul olmağa başlayır.

Davada aldığı yaraya görə iki həftə efirə buraxmadılar

Bacısı Sevinc xanım deyir ki, Akif çox ədalətli adam idi. 

“Heç yadımdan çıxmaz, Akifin diktorluğa yenicə başladığı vaxtlar idi. Avtobusda yol gedəndə, hansısa xuliqanın qızı narahat etdiyini görüb, məsələyə qarışıb, əlbəyaxa olanda oğlan ülgüclə onun çənəsini çox dərin kəsmişdi. Yarasına görə iki həftə efirə buraxmadılar. Buna görə atam onu evdə möhkəmcə danladı ki, “axı sən artıq beş kişidən birisən (onda televiziyada həqiqətən cəmi beş kişi diktor vardı Y.C.), hərəkətlərinə diqqət eləməlisən, özünü, sifətini qorumalısan”.

Akifsə cavab verdi ki, məgər yanımda kimsə bacım Sevincə sataşsa, səssiz durub baxmalıyammı?! 

Akif 24 yaşında olanda xalası qızı ilə ailə qurur. Bu, daha çox valideynlərin tövsiyəsi olsa da, seçimi yenə özü edir. İki oğul, bir qız övladları dünyaya gəlir. Ailəsini Tümenə aparmayıbmış, ara-sıra Bakıya gəlib-gedirmiş. 

Səhətindən heç zaman şikayətlənməyən Akif  Tümendə olanda qəfil mədəsi ağrımağa başlayır. Tezliklə keçəcəyini düşünüb bir neçə gün həkimə getmir. Ağrılar şiddətləndiyindən onu xəstəxanaya çatdırırlar. Müayinə zamanı məlum olur ki, artıq iş-işdən keçib, mədə xorası qana zəhərlənmə verib.
Vəfat edəndə övladlarından böyüyünün 12, ən balacasının 3 yaşı olub. Ailəsi indi də Lökbatandakı ata evlərində hələ həyatda olan anası ilə birgə yaşayır. Oğlanlarından biri restoranda inzibatçı işləyir, digəri aşpazdır. Qızı isə mağazalar şəbəkəsində çalışır. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO