Zeynəb Xanlarovanın oxuduğu “Esmira” mahnısı kimə həsr edilib? - VİDEO

Zeynəb Xanlarovanın oxuduğu “Esmira” mahnısı kimə həsr edilib? - VİDEO

Hazırda oxunan: Zeynəb Xanlarovanın oxuduğu “Esmira” mahnısı kimə həsr edilib? - VİDEO

92135

“Hörmətli redaksiya! 20 ilə yaxındır ki, dəmir çarpayının dustağıyam. Bəli, qıçım tutulub, xəstəyəm. Mən bunun üçün kimsədən şikayətlənmirəm. Xeyirxah, bacarıqlı həkimlər məni müalicə etmək üçün çox əziyyət çəkiblər, ancaq mümkün olmayıb, vəssalam!.. Mən bunları yazmaqla ruhdan düşdüyümü bildirmirəm, kimisə kövrəltmək, kimdənsə imdat diləmək fikrində deyiləm.

Sadəcə olaraq, yazı vasitəsi ilə redaksiya ilə, oxucularla, necə deyərlər, dərdləşmək, söhbət etmək niyyətindəyəm. Axı, əsas həmdəmim kitabdır, mətbuatdır. Mən dəmir çarpayıda ancaq bunlar vasitəsi ilə qiyabi səyahətə çıxıram, müxtəlif xarakterli adamlarla görüşürəm, yeniliklərlə tanış oluram.
Bu yaxınlarda “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “Mərdlik dərsi” adlı məqalə məni çox sevindirdi. Orada yazılmışdı ki, köməyə ehtiyacı olan adamlara qayğı göstərmək gənclərimizin borcudur. Deyirəm, bəlkə bunu nəzərə alıb qəzetdə ünvanımı verəsiniz. Gənclər mənə məktub yazalar, kitab göndərələr. Belə olsa, mən hamıya minnətdarlığımı bildirərəm”.

Düz 35 il əvvəl yazılıb bu məktub. 1987-ci ildə “Azərbaycan Gəncləri” qəzetində “Dəmir çarpayıdan məktub” adı altında dərc olunub. Məktub Qəbələnin (Qutqaşen) Nic kəndinin sakini milliyətcə udi olan Esmira Qanqalovaya aid idi. Ondan sonra Esmira Qanqalovaya gələn məktubların sayı-hesabı bitib tükənməyib. 

Müstəqillik dönəmimizdə Nic kəndində “Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyi yaradılanda isə məktublar buraya etibar edilib. Gəlib-gedən turistlərin də maraqla izlədiyi guşələrdən birinə çevrilib. Muzeydən isə bildiriblər ki, Esmira Qanqalovaya göndərilən məktubların sayı ziyadə çox olduğundan bir qismi xüsusi otaqda saxlanılır.

“Sənin qara gözünə, mən heyranam, ay Esmira”

Yəgin ki, bu cümlələri oxuyarkən özünüz də hansısa mahnını züm-zümə etmiş kimi oldunuz.

Bəli, bu cümlələr Xalq artisti Zeynəb Xanlarovanın ifasında sevilən və səs salan “Esmira” mahnısının ilk misralarındandır. Sözləri Rüfət Əhmədzadəyə, musiqisi isə görkəmli bəstəkar Emin Sabitoğluna məxsus olan bu mahnı elə udi qızı, həyat mübarizəsini dəmir çarpayıda verən Esmira Qanqalovaya həsr olunub. 
Bu məlumatı da bizə elə “Azərbaycan Udi Ocağı”nda bildirdilər.

Bəlkə də çoxları toylarda, el şənliklərində qol qaldırıb bu mahnıya oynadığı vaxt musiqinin hekayəsindən xəbərsiz olub. Bu mahnı dövrünün ən sevilən musiqilərindən biri kimi uzun zaman efirlərdən, radiolardan səsləndirilib. 

Nicdəki “Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyində isə maraqlı və görməli çox şey var. Yolunuzu buradan mütləq salın.

Səkinə Yusibli, Bizim.Media
 


 





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO