Sənətinə görə atasını küsdürən, həyat yoldaşı səbəbindən sənətinə küsən XALQ ARTİSTİMİZ – VİDEO  

Sənətinə görə atasını küsdürən, həyat yoldaşı səbəbindən sənətinə küsən XALQ ARTİSTİMİZ – VİDEO  

Hazırda oxunan: Sənətinə görə atasını küsdürən, həyat yoldaşı səbəbindən sənətinə küsən XALQ ARTİSTİMİZ – VİDEO  

91861

“Korifeylər” rubrikasında bu dəfə görkəmli teatr və kino ustası, Xalq artisti Həsən Məmmədov haqqında söhbət açacağıq.

Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) 22 noyabr 1938-ci ildə Salyan rayonunda doğulub. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi valideynlərinin istəyinə rəğmən Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub.

Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O isə 2-ci kursda təhsilini yarımçıq qoyur. Müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Buna görə atası gənc Həsəndən incik düşür, onu danışdırmır.

1962-ci ildə "Böyük dayaq" filmi ilə kinoda debütünü edir. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Bu aktyora birdən-birə böyük şöhrət qazandırır. Ən əsası isə bu roldan sonra onun atası ilə də münasibətləri düzəlir.

Yüzə qədər filmdə irili-xırdalı obrazlar yaratmasına baxmayaraq, heç kim onun dilindən "mənim yaratdığım" ifadəsini eşitməyib. O, həlim səsi, mülayimliyi ilə yanaşı, təvazökarlığı ilə sevilirdi.
Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri - Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara bu qızın arxasınca düşürdü. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Lətifə isə hələ məktəbdə oxuyurdu.

Aralarında səkkiz yaş fərq var idi. Bir gün qız fərqinə varır ki, hər gün onun ardınca yaraşıqlı bir gənc gəlir.

Ondan heç gözlərini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirlər bir-birilərini. Və elə bir gün gəlir ki, artıq Həsən sevimli Lətifəyə qəlbini açır. Onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz...

Həsən Məmmədovun ən yüksək keyfiyyətlərindən biri də sədaqətli olması olub. Hələ təzə evləndikləri zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə çəkilirdi. Ancaq Lətifə xanımın ona inamı elə güclü idi ki, bu, aralarında heç bir narazılığa səbəb olmamışdı.

1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A.Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın öpüşməsi səhnəsini çəkmək istəyi 33

Maraqlıdır ki, L.Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H.Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir.

Hətta bildirilir ki, həyat yoldaşı da H.Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.
Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib. Yaxın dostu Şeyx Əbdül Mahmudov deyir:

"Sovet məkanında onun kimi ikinci aktyor V.Tixonov hesab olunurdu. Bir onu soruşurdu ki, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən.

"Kapriz" deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr, lazım olaram, bir də niyə arxamca maşın göndərib axtarsın məni? İşə gəlmişəm, çəkilişim qurtarsa da, çəkiliş boyu burda olmalıyam.
Onun qədər ikinci əxlaqlı aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda gördüm ki, ətrafda nə qədər qadın, qız var, hamısı bunun əsiridir, bunun heç eyninə deyil. Eyham vurdum ki, adə, hərəkət elə, mənə elə acığı tutdu ki, olmayan kimi".

Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir. Ürəyindən ağır əməliyyat keçirir. Lakin 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişir. İkinci Fəxri Xiyabanda dəfn olunur.

Həsən Məmmədov haqqında daha ətraflı aşağıdakı videoda:
 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO