Televiziya rəhbərləri niyə həmişə eyni kinoları efirə verir? – Ekspertlərdən sərt açıqlama

Televiziya rəhbərləri niyə həmişə eyni kinoları efirə verir? – Ekspertlərdən sərt açıqlama

Hazırda oxunan: Televiziya rəhbərləri niyə həmişə eyni kinoları efirə verir? – Ekspertlərdən sərt açıqlama

7562

Bayram günlərində Azərbaycan televiziyaları əsasən “Bəxtiyar”, “Uzaq sahillərdə”, “O olmasın bu olsun”, “Qaynana”, “Ögey ana”, “Bir qalanın sirri”, “Babək”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “İstintaq”, “Şərikli çörək”, “Gün keçdi”, “Yaramaz”, “Nəsimi”, “Dədə Qorqud”, “Nizami” və s. filmləri göstərirlər. Görəsən, televiziyaların repertuarında niyə köhnə filmlər yer alır? Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan yeni filmlərimiz niyə qəhətə çıxıb? 

İlk olaraq mövzu ətrafında kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə ilə danışdıq. O, Bizim.Media-ya açıqlamasında kinostudiyanın yeni filmlər çəkdiyini, sadəcə reklam olunmadığını dedi. 



“Tamaşaçı festivallarda qalib olan və ya çəkilən yeni filmlərdən məlumatsızdır. Bu filmləri ekrana gətirmək lazımdır. Xəbərləri yoxdur ki, 1898-ci ildən 2018-ci ilə kimi 550-dən çox bədii film çəkilib. Televiziya rəhbərləri oturub araşdırmalıdır. Bu filmlər arasından uyğun olanı seçməlidir. Xüsusi günlərdə həmin filmləri yayımlamalıdır. Tapa bilməsə, ondan sonra desin ki, film yoxdur. Film isə var, sadəcə onu axtarıb tapan adam yoxdur. Bu filmlərin sayı mənim “Azərbaycan kino salnaməsi” adlı kitabımın birinci cildində yer alıb. Götürüb araşdırsınlar”.

Kinoşünas Cəfər Cabbarlı adına kinostudiyanın mövcud vəziyyəti, onun müasir film istehsal imkanları haqqında da danışdı: 

“O ki, qaldı Cəfər Cabbbarlı adına kinostudiyanın fəaliyyətinə, bura təmir olunmalıdır. Yeni avadanlıqlar gətirilməlidir. Biz film çəkiləndə mütəxəssisləri avadanlıqları ilə birgə İran və Gürcüstandan gətizdiririk. Çünki yeni və müasir avadanlıqları kinostudiyada olan şəraitlə saxlamaq olmur”.

Aydın Kazımzadə söyləyir ki, “əvvəllər film çəkirdilər, indi çəkilmir” yanaşması düzgün deyil:

''Bunun obyektiv və subyektiv  tərəfləri var. Birinci səbəb burasındadır ki, biz sovet dövründə yaşamışıq. Dövrün qayda-qanunlarına uzun illər öyrəşmişdik. Hər il plan üzrə filmlər çəkirdik. Yaradıcı insan ortaya iş qoymalıdır. Sovet İttifaqı dağılandan sonra qarışıqlıq başladı. Bütün respublikaların hamısı eyni vəziyyəti yaşadı''.

''Sadəcə onlar bizdən fərqli olaraq öz ölkələrini qurmağa çalışdılar. Biz isə erməni faşistlərinin hiylələri ilə üz-üzə qaldıq. Ölkədə daxili qarşıdurmalar oldu, incəsənət arxa plana keçdi. Deməyim odur ki, belə bir taleyi yaşamış xalq olaraq “bizdə film çəkilmir” deməyimiz haqsızlıq olar. Bu yaşananlar olmasa idi, “bizdə film yoxdur, çəkilmir” deyənlərə haqq vermiş olardım. İndi yeni təyinatlar var, gənc beyinlər gəlir. Bunlar hamısı ümid verir ki, vəziyyət yaxşı olacaq''.

Kinomatoqrafçı Şamil Əliyev isə əksini düşünür. Deyir ki, kino sahəsində təcrübəsiz gənc kadrdansa savadlı yaşlı və təcrübəlilərə üstünlük vermək lazımdır.



Bir də ki, tarixi günlərimizlə bağlı filmləri yalnız yerli və təcrübəli mütəxəssislər çəkməlidirlər:

“Bizdə kifayət qədər xaricdə oxuyub gələn peşəkar kinorejissorlar var. Sovet dövründə də təhsil pis deyildi. Hansısa xarici kinematoqrafçı Qarabağ müharibəsinin antropoligiyasını məndən yaxşı bilməz.

Heç vaxt xarici mənim mədəniyyətimi, tarixi və əxlaqı keyfiyyətlərimi olduğu kimi dərk etməz. Azərbaycanda özümüzün kifayət qədər peşəkarlarımız var. Sadəcə olaraq təcrübəli mütəxəssisə imkan vermək lazımdır ki, onlar işləsin, kinomuzu qabağa çəksin.

Kino sahəsinin inkişaf etməməsənin digər səbəbi öz daxilimizdə düzgün strukturun olmamasıdır. Sizcə, nəyə görə Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində yoxlama apardı? Çünki onların fəaliyyətində xətalar var idi, bir çox şəxslər həbs olundu. İndi nazirliyin fəaliyyyətində islahatlar və struktur dəyişikliyi aparılır. 

Kinomuzu isə peşəkar insanlar çəkməlidir. Təcrübəsiz gənc kadrdansa, yaşlı mütəxəssis daha yaxşıdır. Yoxsa yenə “köhnə hamam, köhnə tas” olacaq”.

Kino tənqidçi Aygün Aslanlı vurğulayır ki, tarixi  günlərlə bağlı çəkilən filmlər sifarişlə olmamalıdır:



“Bir də ki, bizim kütləvi şəkildə film çəkmək imkanımız yoxdur. İldə ancaq 2-3 film istehsal edə bilərik. Balaca ölkə olduğumuz üçün bazarımız da kiçikdir. Ayrılan büdcə tarixi günlərlə bağlı çəkilən filmləri  təmin etmir. Kütləvi döyüş səhnələri, tarixi prosesləri əks etdirən kadrlar bunlar həddindən çox maliyyə tələb edən bir işdir. Tarixi günlərimizlə bağlı maksimum bir kino çəkilə bilər. Ancaq kino sahəsinə ayrılan vəsaitin hamısını bir filmə və bir mövzuya sərf etmək olmaz”.

Aygün Aslanlının fikrincə, Azərbaycanda kino haqqında qanun da qəbul edilməlidir: 

“Yaradıcı prosesə mane olan süni əngəllər aradan qaldırılsın. Sənət adamları sərbəst olsun ki, işləyə bilsinlər”.

Gülşanə Mustafayeva,  Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO