Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidentinin sərəncamı ilə bir qrup mədəniyyət xadimi təltif olunub.
Mükafatlandırılanlar sırasında Qusar Dövlət Ləzgi Teatrının baş rejissori Əliyar Əliyev də var.
Bizim.Media baş rejissorla əlaqə saxlayaraq onun təəsuratını öyrənib:
MÖVZU İLƏ BAĞLI:
Yeni baş rejissor Ləzgi Teatrından niyə narazıdır? – İcra başçısından GÖRÜŞ İSTƏYİR
“Ürək sözlərim çoxdur. İlk olaraq onu deməliyəm ki, mədəniyyətimizə ölkə başçısı tərəfindən göstərilən diqqət alqışa layiqdir. Bu təkcə bizimlə bağlı deyil, ümumilikdə Prezident İlham Əliyevin mədəniyyətə koseptual yanaşmasını təqdir etməmək mümkün deyil. Bu işdə əziyyəti keçən hər kəsə bir sənət adamı kimi təşəkkürlərimi çatdırıram”.
Əliyar Əliyev qeyd edib ki, bəzən tələsirik, tədirgin oluruq, amma görünən odur ki, hər şey öz vaxtında yetişir:
“Təmənnamız nədir? Biz sənətə xidmət edirik, bu yolla yaşamımızı, həyatımızı qazanmaq istəyirik. Bəzən sındığımız, yorulduğumuz, hətta haqsızlığa düçar olduğumuz zamanlar olur. Necə ki, bu prosesləri mən də yaşamışam.
Gənclərə üzümü tutub deyərdim ki, tələsməsinlər, ortaya iş qoysunlar, zəhmətləri bir gün hökmən qiymətini alacaq. Mən gəlib bu yaşda nail olmuşamsa, onlara da pay düşəcək. Yəqin hələ ardıcıllıq davam edəcək. Verilən qiymətə görə, təkrar dövlətimizə öz minnətdarlığımı bildirmək istəyirəm”.
Bizim.Media