Avropanın ən nüfüzlü beynəlxalq mahnı müsabiqəsi "Avroviziya-2022"nin başlanmasına saylı günlər qalıb. Müsabiqə iştirakçılarının son hazırlıqları davam edərkən, təşkilatçılar musiqi yarışmasının rəsmi açılış mərasimini keçiriblər.
Bizim.Media xəbər verir ki, builki müsabiqədə iştirak edən 40 ölkənin təmsilçiləri adət etdikləri qırmızı deyil, firuzəyi rəngli xalça üzərinə çıxıblar.
Müsabiqənin açılışı üçün məkan kimi Venaria Kral Sarayı seçilib. Açılışda Azərbaycan təmsilçisi Nadir Rüstəmli də iştirak edib.
Rəsmi açılış üçün hazırlanan təmsilçimizin geyimi diqqət çəkib. Qara pencəyin ekstaordinar biçimi isə görənləri təəccübləndirib.
Dünya şöhrətli dizayner Rüfət İsmayılın hazırladığı "AFFFAİR" markasına məxsus həmin pencəyin özəlliyi qol hissəsi olub.
Nadir qollarını pencəyin sinə hissəsində olan yarıqlardan çıxardıb.
Rüstəmlinin imicində nəzərə çarpacaq digər məqam isə, qulağına taxdığı böyük ölçülü halqavari gümüşü sırğa olub.
Şən əhval-ruhiyyədə olan ifaçı "Avroviziya" fanatlarını ilə görüşüb və onlarla bol şəkil çəkdirib. Həmçinin Nadir xarici jurnalist və blogerlərlə söhbət edib.
Qeyd edək ki, mayın 12-də Turində keçiriləcək ikinci yarımfinalın birinci hissəsində Azərbaycan təmsilçisi Nadir Rüsrəmli “Fade to black” balladası ilə çıxış edəcək. Onun səsvermə nömrəsi 4-dür.
10-14 may tarixlərində keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi İctimai Televiziya ilə canlı yayımlanacaq.
Rəşad Əliyev, Bizim.Media