“Rüstəm İbrahimbəyovun Moskvada xəstəxanada olduğunu bilirdim. Eşitmişdim ki, komadadır. Amma ümidim var idi ki, sağalacaq. İndi xəbəri eşidib çox sarsıldım”
Bu fikirləri Bizim Media-ya özəl açıqlamasında Azərbaycanın Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ: Rüstəm İbrahimbəyov vəfat etdi
Rasim Balayev Rüstəm İbrahimbəyovun vəfatını Azərbaycan mədəniyyəti üçün böyük itki adlandırıb:
“Rüstəm İbrahimbəyovun vəfatı Azərbaycan dramaturgiyası, kinosu üçün ağır itkidir. Bizim ümumittifaq, ümumdünya miqyasında tanınan məşhur adamlarımız olub. Məsələn, Qara Qarayev, Fikrət Əmirov, Niyazi. Amma son illərdə sənət aləmində Azərbaycanı dünyada tanıdan iki adam var idi. Tahir Salahov və Rüstəm İbrahimbəyov. Bilirsiniz, adamlar gələcək, gedəcək... Amma elə adamlar var ki, onların yerini heç kim verməyəcək. Rüstəm İbrahimbəyov belə adamlardan idi. Allah rəhmət eləsin”.
Xatırladaq ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov uzun sürən xəstəlikdən ötən gecə dünyasını dəyişib.
Ülviyyə Həsənqızı, Bizim.Media