66 yaşlı SEVDA YOLÇULARI: Rafiq Həşimov və Şərqiyyə Hüseynova ilə kiçik SÖHBƏT 

66 yaşlı SEVDA YOLÇULARI: Rafiq Həşimov və Şərqiyyə Hüseynova ilə kiçik SÖHBƏT 

Hazırda oxunan: 66 yaşlı SEVDA YOLÇULARI: Rafiq Həşimov və Şərqiyyə Hüseynova ilə kiçik SÖHBƏT 

0:00
0:00
60163

Bu gün aktrisa Nəcibə Məlikovanın "Göstərir Bakı" kəlməsi ilə açılan sabahdan düz 66 il ötür.

Bəli, 1956-cı ilin bu günü həmin kəlmə ilə Azərbaycan, ilk televiziyası ilə tamaşaçılarının hüzuruna gəlmişdi. Bu gün münasibətilə Azərbaycan Televiziyasında böyük zəhmətləri olan, öz dəsti-xəttləri ilə bu sahəyə töhvələr vermiş şəxslərlə kiçik söhbətimiz baş tutdu. 

Tanınmış diktorlarımız Rafiq Həşimov və Şərqiyyə Hüseynova Bizim.Media-ya açıqlamaları ilə həmkarlarını bu gün münasibətilə təbrik edib, həmçinin televiziyanın keçdiyi yollardan və bugünkü günündən söz açıblar. Rafiq Həşimovun sözlərinə görə, televiziyanın ərsəyə gəlməsində kino və radio işçilərinin rolu böyük olub:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Azərbaycan Televiziyasının yarandığı gündür - 66 il əvvəl...


"66 il çox böyük bir vaxtdır. Azərbaycan Televiziyası yarananda bu hər kəs üçün yeni sahə idi və peşəkarlar tələb olunurdu. Lakin bundan öncə ilk dəfə kino yaranmışdı. Televiziya da kinonun dırnaq arasında desək, balası olduğu üçün bu sahəyə də kinodan adamlar gəlməli idi.

Təsviri cəhətdən kino rejissorlar, səs cəhətdən səs rejissorları və yazarlar bu işə cəlb olunmuşdu. Televiziyanın yaranmasında ümumiyyətlə radio işçilərinin də böyük əməyi olub. Hazırda bizim üçün adi görünən televiziya məkanı, o vaxt insanlar üçün qəribə, möcüzəvi və maraqlı gəlirdi.

Hətta ondan qorxanlar da olub, lap kinoda deyilən kimi "şeytan əməlidir". Bax, beləcə televiziya yarandı, öz inkişaf dövrünü keçdi. İnsanların estetik zövqü, texnikalar dəyişdikcə, televiziya da həyatın güzgüsü olmağa, fəaliyyətini genişləndirməyə başladı". 

Sevimli diktorumuz onlayn medianın aparıcı rol oynadığı bir zamanda televiziyanı heç də ondan geri qalmadığını diqqətə çatdırdı:

"1991-ci ildə müstəqillik əldə etdikdən sonra, müstəqil Azərbaycan dövlətinin televiziyası oldu və öz mühitimizi, simamızı əks etdirməyə başladı, tərəqqi etdi və günü-gündən də inkişaf etməyə davam edir. Son illər bu bariz şəkildə görülməkdədir.

O vaxtlar bilirsiniz ki, rəssamlıq populyar idi, amma fotoaparatlar çıxdıqdan sonra dedilər ki, bu sahə dəbdən düşəcək. Lakin həyat göstərir ki, klassik sənətin kökləri güclüdürsə, o hər zaman aktuallığını qoruyacaq. Baxmayaraq ki, bizim işimiz əhatə dairəsinə görə, kütləvi informasiya vasitəsi adlandırılır amma mən deyərdim ki, televiziya yüksək sənət yeridir.

Telefonun, noutbukun, televizorun forması düzbucaqlı formadadır. Bu heç də təsadüfi deyil. Mənə elə gəlir ki, klassik o düzbucaqlı forma həmişə aktuallığını qoruyacaq". 

Şərqiyyə Hüseynova isə televiziyaya olan sevgisinin heç bir şeylə müqayisə edə bilmədiyini qeyd edərək, oradakı ilk günlərini xatırlayıb: 

"Bizim cavanlığımız, həyatımız televiziyada keçib. Əbəs yerə Azərbaycan televiziyasına ana televiziya demirlər. Demək olar ki, bütün televiziyalar ondan bəhrələnir. İnandırım sizi, bu gün televiziyanın həyətinə girəndə hamımız çox kövrəldik. Çünki xoş, kədərli günlərimiz, həyatımız orada keçib.

Odur ki, mən bütün həmkarlarımı, televiziya işçilərini gün münasibətilə təbrik edirəm. Çox istəyərdim ki, gənc televiziyaçılarımız bizə oxşamasalar da ən azından nələrsə götürsünlər". 

Şərqiyyə Hüseynova təqaüddə olsa da televiziya sevgisi onu rahat buraxmır. Hazırda o, "CBC" kanalında çalışır və gənc kadrları yetişdirməkdən zövq alır. 

Əziz televiziya işçiləri, peşə bayramınız mübarək olsun! 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO