Amaliya Pənahova - Əzmkar Azərbaycan qadının kübar SİMASI

Amaliya Pənahova - Əzmkar Azərbaycan qadının kübar SİMASI

Hazırda oxunan: Amaliya Pənahova - Əzmkar Azərbaycan qadının kübar SİMASI

587567

Azərbaycan teatr və kino sənətində özünəməxsus səs tembri, zərif gözəlliyi, istedadı və bənzərsiz obrazları ilə könüllərdə taxt qurmuş unudulmaz Amaliya Pənahova! Onun adını yad etmək sadəcə bir sənətkarı xatırlamaq deyil, bütöv bir epoxanın anılmasıdır.

Azərbaycan səhnəsində yaddaşlarda iz qoymuş aktrisalarımız çoxdur, onların arasında həm istedadı və gözəlliyi, həm də əzmkarlığı ilə öz sözünü demiş Amaliya Pənahovanın xüsusi yeri var. Bu gün sənətkarın fiziki yoxluğu onun obrazlarını unutdurmur, əksinə bir daha sənət yoluna qürurla boylanmağa çağırır: 

Səsdə gizlənən cazibə 

“Mənim səsim, mənim taleyimdir”, - o bu sözləri öz çıxışlarında qürurla qeyd edərdi. Həqiqətən də diqqətçəkən səs tembri Amaliya xanımı başqalarından fərqləndirib. Onun səsini bir eşidən, bir daha unutmazdı. Uşaqdan böyüyə gözüyumulu hər kəsin əzbər bildiyi bu səs aktrisanın cazibəsini daha da dərinləşdirirdi. Onun səsi təkcə Azərbaycan radiosunun, filminin, televiziya tamaşalarının qızıl fondunda deyil, yaddaşlarda da yaşayır.



Qadın əzminin rəmzi

Amaliya Pənahova oynadığı obrazlarda – Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti kimi tarixi obrazlardan tutmuş, epizodik rollara qədər hər birində qadın taleyini yenidən yazırdı. Qadının zərifliyinin arxasındakı sarsılmaz iradəsini göstərirdi. 

İstər “Qərib cinlər diyarındakı” rəqqasə rolunda, istərsə də “Babək” filmindəki Zərnisə roluna qədər ən müxtəlif obrazlarında belə o, öz kübar  duruşunu itirmirdi. Onun yaratdığı obrazlar toplusu Azərbaycan qadınının həm fədakarlığını, həm də sarsılmaz qürurunu özündə birləşdirirdi. 



O, klassikadan müasirliyə qədər hər bir xarakterə öz möhürünü vurmağı bacarırdı. Amaliya Pənahova ümumilikdə 500-dən artıq obraz yaradıb. 1982-ci ildə “İlin aktrisası” seçilib. 1998-ci ildə isə Türk Dünyasının I Kino Festivalında türk dünyasında 6 ən yaxşı aktrisasından biri olub. 

Çətinlikləri aşan cəsarət

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmaqla Amaliya xanım sadəcə aktrisa deyil, həm də böyük bir qurucu olduğunu göstərdi. Müstəqilliyimizin ilk illərində, teatrların çətin sınaq qarşısında qaldığı bir vaxtda o, Bakı Bələdiyyə Teatrını yaratmaqla necə bir sənət fədaisi olduğunu nümayiş etdirdi. 


Onun bu teatrda quruluş verdiyi "Tomris", "Mənim Ərdəbilim", "Vətənə igidlər gərək", "Dəli Domrul" tamaşaları çox qısa zamanda fərqli quruluş və model baxımından özünü doğrultmağı bacardı və təkcə Azərbaycanda deyil, qastrol səfərlərində də böyük uğurlar qazandı.

Səhnədə yaşayıb, səhnədə də vidalaşdı

Amaliya xanımın xəstəliklə mübarizəsi də kübar xarakterinə xas səssiz və məğrur idi. Heç kimə zəif görünmək istəmədi, son ana qədər səhnədə qaldı, son ana qədər yaratdı. O gözlərini 2018-ci ildə əbədi yumsa da, miras qoyduğu obrazlar elə özünəməxsus səsi ilə də tamaşaçılarla danışır. “Əhməd haradadır” filmindəki epizodik, şıltaq Məsmədən, auditoriyanın heyran qaldığı məğrur Tomris anaya qədər uzun sənət yolunu şərəflə keçən Amaliya Pənahova həm də bir ictimai xadim, millət vəkili idi. Lakin o, hər yerdə, hər kürsüdə ilk növbədə sənətkar idi...



















Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO