Teatrşünas Vidadi Qafarovun yubileyinə ÖZƏL: “Teatrımızda inteqrasiya problemi var”- MÜSAHİBƏ

Teatrşünas Vidadi Qafarovun yubileyinə ÖZƏL: “Teatrımızda inteqrasiya problemi var”- MÜSAHİBƏ

Hazırda oxunan: Teatrşünas Vidadi Qafarovun yubileyinə ÖZƏL: “Teatrımızda inteqrasiya problemi var”- MÜSAHİBƏ

53084

Bu gün AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, "Teatro.az" sənət portalının həmtəsisçisi və baş redaktoru Vidadi Qafarovun 60 yaşı tamam olur. 

Bizim.Media olaraq teatr sahəsinə böyük əməklər vermiş Vidadi Qafarovla yubileyi münasibətilə kiçik söhbətimiz baş tutub: 

- Vidadi Qafarov yeni yaşında hansı arzularını gerçəkləşdirməyi, nələr etməyi planlaşdırır?

“Doğrusu bu gün 60 yaşım olsa da, sıradan keçən bir gün kimi qarşılayıram. Mənim üçün ilin hər günü dəyərlidir. Bu yaşıma qədər çalışmışam, bundan sonra da sahəm üzrə daha çox çalışmağı planlaşdırıram. Təbii ki, həm şöbə müdiri, həm də bir pedaqoq kimi elmi fəaliyyətimlə məşğul olub, gələcəyin mütəxəssisislərini, alimlərini yetişdirmək üçün əlimdən gələnləri edəcəm. Həmçinin təsisçisi və baş redaktoru olduğum “Teatro.az” saytında teatrın aktual problemlərindən yazılar dərc edirik və buna yenə davam edəcəyik”.

- Teatrın problemlərindən danışdınız. Bəs bugünki günümüzdə teatrların aktual problemləri nələrdir?

“Teatrın ən böyük problemlərindən biri deyərdim ki, teatr prosesinin koordinasiya olunması problemidir. Azərbaycan teatr məkanında daxili inteqrasiyası məsələləri, kadr, repertuar və dramaturgiya məsələləri teatrların aktual problemləri sayılır. Bu mövzularda boşluqlar var amma ümid edirəm ki, qaydasına düşəcək”.

- Bu yaxınlarda tərəfinizdən 44 günlük Şanlı Vətən Müharibəmizdən bəhs edən “ 4.4 Qısa Tamaşalar Festivalı” təşkil olunub. Festivalda səhnəyə çıxarılan tamaşalar ürəyinizcə oldumu?

“44 günlük Şanlı Vətən Müharibəmizə həsr olunmuş festivalda müxtəlif teatrlardan 22 tamaşa iştirak etdi. Bu tamaşaların hamısı müharibə mövzusunda idi. Sözsüz ki, festival müharibəni yox, müharibənin səbəb olduğu nəticələrdən və igidlərimizin qazandığı qalibiyyətdən söz açmaq və şəhidlərimizin ruhuna ithafən hazırlanmışdı. Biz maraqlı tamaşaların izləyicisi olduq, bu sevindirici hal idi. Hətta bir neçə tamaşa qalibiyyətə layiq idi. Lakin mükafat fondumuz yalnız 3 yerə ayrıldığı üçün həmin tamaşalara yer verə bilmədik. Birinci yeri Əsa Teatrı, ikinci yeri 
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, üçüncü yeri isə Lənkəran Dövlət Dram Teatrı tutdu. Hər biri layiqincə öz rollarının, tamaşalarının öhdəsindən gəlmişdilər.

- Bu günün gəncliyinin teatr sahəsinə marağını necə dəyərləndirirsiniz, varmı bu maraq?

“Bəli, əksər gəncdə maraq olduqca çoxdur. Sadəcə onları kəşf etmək və bacarıqlarını üzə çıxarmaq lazımdır. Yeni istedadların kəşf olunması teatrların da inkişafında, canlanmasında böyük rol oynayacaq”.

- Həmçinin Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüsünüz. Yerli teatr və beynəlxalq teatr sahələrində hansı fərqləri görürsünüz?

“Dünya teatr praktikası ilə yerli teatr sahəsi arasında çox böyük fərqlər var. Azərbaycan teatr sahəsində məlum boşluqlar var və buna görə də geri qalıb və dünyada baş verən proseslərə adekvat cavab verə bilmir. Təbii ki, burada da yaradıcılıq potensialının, teatr kadrlarının az olması inteqrasiya proseslərini ləngidir. Xarici festivallara, konfranslara, teatrlara biz çox vaxt online şəkildə baxmalı oluruq. Teatr isə canlı sahədir. Biz canlı olaraq bu proseslərdə iştirak etməli, beynəlxaq nümunələrlə yaxından tanış olmalıyıq. Bu məsələlər dövlət və digər təşkilatlar tərəfindən stimullaşdırılmalıdır”.

- Teatrların bugünki vəziyyəti, tamaşaçı marağı necədir? 

“Sözsüz ki, keçən illərə nisbətən irəliləyişlər var. Pandemiya səbəbi ilə 2 il teatrların qapıları həm aktyor, həm də tamaşaçılara bağlı oldu. Amma indi hazırlanan tamaşalara böyük maraq müşahidə edirik. Deyəsən aktyorlarımız həmçinin tamaşaçılarımız tamaşalar üçün çox darıxmışdılar. Aktyorlar rollarını oynayarkən o yanğı, sevgi hiss olunur. Hazırda müxtəlif tamaşalar da hazırlanır. İndi teatra gələn tamaşaçıların sayında da artım müşahidə edirik. Aktyorlara da bu maraq böyük stimul verir”.

- Özəl gününzdə bizə vaxt ayırdığınız üşün təşəkkür edirik, Vidadi müəllim. Bizim.Media adından yubiley yaşınız münasibəti ilə təbrik edirik və yeni yaradıcılıq uğurları arzulayırıq. 

“Siz sağ olun ki, diqqət göstərmisiniz”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO