Bakıda Beynəlxalq konfrans:

Bakıda Beynəlxalq konfrans: "Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” – FOTO

Hazırda oxunan: Bakıda Beynəlxalq konfrans: "Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” – FOTO

47776

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 24-də Daş Salnamə Muzeyində Vətən müharibəsində şanlı Zəfərimizin birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirilib.

Bizim.Media Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli tədbir iştirakçılarını salamlayaraq beynəlxalq konfrans haqqında məlumat verərək bildirib ki, konfransda “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən Qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” mövzusunda dörd sessiya keçiriləcək.

Həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunacaq.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxışı zamanı qeyd edib ki, Azərbaycan memarlıq məktəbi dünyada yetərincə tanınır:

“Qarabağ memarlıq məktəbi də bu məktəblər arasında xüsusi yer tutur. Qarabağ memarlıq məktəbinin inkişafı müəyyən dövrdə müxtəlif formalarda olub. Biz bilirik ki, bu abidələr bizim xalqa məxsusdur. Ancaq biz bunu bütün dünyaya bildirməliyik. Bugünkü konfrans da bu yöndə atılan addımlardan biridir".

ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer deyib ki, ölkəsində mədəni irsin qorunması diqqətdə saxlanılır:

"Biz fəxr edirik ki, dünyanın hər yerində mədəniyyət abidələrinin mühafizəsi ilə məşğul oluruq. Azərbaycanda da Mədəniyyət Nazirliyi ilə 2018-ci ildə Qubadakı günbəzli binanın abidəsi üzrə çalışmışıq. Azərbaycan öz mədəni keçmişinin qorunması, öyrənilməsi və təbliği sahəsində yeni səhifə açır. Biz bu yöndə onlara köməklik etməkdə şad olarıq. Mən Ağdam, Füzuli və azad olunmuş digər ərazilərdə mədəni abidələrin şəkillərini görmüşəm. Əminəm ki, Azərbaycan bu işə böyük qayğı ilə yanaşacaq".

Sessiyada çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2023-cü ildə Şuşa şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq. TÜRKSOY tərəfindən bununla bağlı qərar veriləcək:

“Biz bütün türk dövlətlərinin iştirakı ilə əlamətdar ildə Şuşada rəngarəng tədbirlər keçirəcəyik”.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib ki, Türk dünyası böyük mədəniyyətə sahibdir:

"Ortaq mədəniyyətimiz bizim gələcəyimizin təminatıdır. Mədəniyyətimizi nə qədər qoruyub gələcək nəsillərə çatdıra bilsək, gələcəyimiz də bir o qədər təminat altında olar. Türk mədəniyyətində başqa mədəniyyətə zərər vermək yoxdur".

Daha sonra beynəlxalq konfrans digər iclaslarla davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO