Hər il ənənəvi olaraq sentyabrın 18-də teatr mövsümünün açılışı olurdu. Lakin 2 ildir dünyada tuğyan edən pandemiya səbəbilə ən son 2019-cu ildə 137-ci mövsümünün yaşayan teatrların qapısı hələ də tamaşaçıların üzünə qapalı qalıb. Burada isə ən çox əziyyət çəkən sənət adamlarıdır.
Ölkədə tədricən karantin yumşaldılsa da, bir çox sahələrdə açılışlar olsa da teatrlara məhdudiyyətlər hələ də qüvvədə saxlanılır.
Xatırladaq ki, bəzi ölkələrdə o cümlədən Rusiyada bu məhdudiyyətlər karantin qaydalarına riayət olunaraq öz fəaliyyətini davam etdirir.
Bəs, teatrlar nə zaman açılacaq?
Teatrların açılması məsələsi dəfələrlə müzakirə predmeti olsa da məsələ hələ də öz həllini tapa bilməyib. Hətta Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva bu məsələni da qaldırsa susqunluq davam edir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda festivalların çoxu Şuşada keçiriləcək – NAZİR AÇIQLADI
Sənət adamları isə...
Aktyorlar bildirirlər ki, dəfələrlə bu məsələ haqqında çağırışlar və xahişlər etsələr də iki ilə yaxındır ki, məsələ müzakirəyə çıxarılmır. Bəzi aktyorlar isə artıq ümidsizliyə qapıldıqlarını deyirlər.
Bizim.Media-nın şəhər sakinləri arasında keçirdiyi sorğuya əsasən qeyd etmək olar ki, hazırda əhali əsasən kinoteatrların və teatrların açılışını səbrsizliklə gözləyirlər.
“İki ilə yaxındır ki, bu sahədə boşluq yaşayırıq. Ölkədə vaksinasiya prosesinin uğurlu davam etdiyini nəzərə alıb, bu sahələrdəki xaosa fikir versələr daha yaxşı olar”,- deyə şəhər sakinlərindən biri deyib.
Mədəniyyət Nazirliyindən bildirilir ki, hazırda məsələ onların diqqət mərkəzindədir. Bir müddət əvvəl nazirlik bu təkliflə Operativ Qərərgaha müraciət ünvanlayıb.
"İki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib.
Bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanıb.
Teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçib. Ancaq bu işdə vətəndaşlarımızın da üzərinə sosial məsuliyyət düşür.
Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik”.
139-cü teatr mövsümünün açılışında görüşənədək...
Vüsalə Balayeva, Bizim.Media