2025-ci ilin ilk yarısında yalnız Qobustan Milli Tarix-Bədii Qoruğunu 117 336 nəfər ziyarət edib.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin birinci yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqları ümumilikdə 186 791 nəfər ziyarət edib.
Dövlət Xidmətinin nəzarətində olan abidə və qoruqların ziyarətçilərin diqqət mərkəzində olduğu vurğulanıb:
“Dövlət Xidməti ölkəmizin zəngin mədəni irsinin qorunması, bərpası, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş 6300-dən çox tarix-mədəniyyət abidəsindən 4377-nin qorunmasına nəzarət edir.
Eləcə də, Xidmətin tabeliyində 13 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Bu qoruqlar mövcud olduqları tarixi məkanların mühafizəsi və tədqiqi ilə yanaşı, ziyarətçilərə mədəni xidmətlərin göstərilməsini də təmin edirlər. Bu baxımdan, Dövlət Xidmətinin nəzarətində olan abidə və tarix-mədəniyyət qoruqları həm yerli, həm də xarici ziyarətçilərin daim böyük marağına səbəb olur. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğu isə xüsusilə diqqət mərkəzindədir”.
“Rəqəmlər də bu diqqətin hər il artdığını təsdiqləyir. Belə ki, 2024-cü ildə Dövlət Xidmətinin tabeliyində olan qoruqları ümumilikdə 319 104 nəfər ziyarət edib. Onlardan 162 325 nəfəri yerli, 156 779 nəfəri isə xarici ölkə vətəndaşları olub. Ən çox ziyarətçi qəbul edən tarixi məkan isə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Burada ötən il ərzində 190 288 nəfər qonaq olub”, - deyə məlumatda bildirilib.
Günay Şahmar, Bizim.Media