Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov 49 yaşında vəfat edib. Aktyor bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib və həyatını itirib.
Bizim.Media Cabir İmanovun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Cabir İmanov vəfat etdi
Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib.
1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. DTX Mədəniyyət mərkəzinin rəisi olub.
1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub.
2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, Cabir İmanov AMEA-nın müxbir üzvü, İspaniya Kral Akademiyasının üzvü, professor, İqtisad Elmləri doktoru Qorxmaz İmanovun oğludur.
Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun qardaşıdır. Azərbaycanın xalq artisti, Şöhrət ordenli bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.
Ailəli idi, 4 övladı yadigar qaldı.
Bizim.Media