IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində "Milli Hökumət - 80" mövzusunda panel müzakirəsi keçirilib.
Bizim.Media-nın xəbərinə görə, panel müzakirələri zamanı Güneydə 80 il əvvəl Azərbaycan Demokratik Dövlətinin qurulmasından bəhs olunub.
Tədbirdə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin moderatorluğu ilə baş tutan tədbirdə tarix elmləri doktoru Cəmil Həsənli, professor Hüseyn Yahyayev və iqtisad elmləri doktoru Yədulla Kənani çıxış ediblər.
Paneldə bu siyasi hadisənin türk dünyasında buraxdığı izlər və çağdaş dövrdəki aktuallığı ətrafında geniş fikir mübadiləsi aparılıb.
Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə fəaliyyət göstərən hökumətin bölgədə milli oyanışa, ana dilində təhsilə və mədəni dirçəlişə verdiyi töhfələrdən bəhs edilib. Eyni zamanda Güney Azərbaycan ədəbiyyatında və ictimai fikrində Milli Hökumətin yeri və rolu barədə danışılıb və bu mövzunun aktuallığı vurğulanıb.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media