IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində "Tarixi romanlarımızda Çağdaşlıq və Müasirlik" mövzusunda panel müzakirəsi keçirilib.
Bizim.Media xəbər verir ki, Filologiya üzrə elmlər doktoru Lütviyyə Əsgərzadənin moderatorluğu ilə baş tutan paneldə Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli, şair-publisist Zərnişan Turan və Xalq artisti Eldost Bayram çıxış ediblər.
Tədbir çərçivəsində tarixi romanların yalnız keçmişə deyil, həm də bu günə və gələcəyə işıq saldığı vurğulanıb. Müzakirələr zamanı panel iştirakçıları ədəbi yaradıcılıqda tarixlə müasirliyin harmoniyasını, oxucuya estetik və mənəvi dəyər aşılayan yanaşmaları və milli kimliyin formalaşmasında tarixi ədəbiyyatın rolunu müxtəlif aspektlərdən analiz ediblər.
Panel diskussiyası Azərbaycan ədəbiyyatında tarixi roman janrının çağdaş vəziyyəti, tədqiqi və cəmiyyətə təsiri baxımından mühüm müzakirə olaraq qiymətləndirilib.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media