Bizim.Media informasiya dəstəyi və Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə Bakıda keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının səkkizinci gününə start verilib.
Bizim.Media-nın verdiyi məlumata görə, bu gün festival Şimali Kipr Türk Respublikasının ədəbiyyatına həsr olunub.
Tədbir Türkiyənin dövlət himni ilə açılıb.
Müzakirə zamanı Azərbaycan ilə Şimali Kipr arasında uzunmüddətli və zəngin ədəbi əlaqələrin təşviqi və inkişafı xüsusi vurğulanıb.
Şimali Kipr ədəbiyyatından şeirlər səsləndirilib.
Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçiləri Eşqanə Babayeva, Nizami Tağısoy, elmi işçilər Fatma Hüseynova və Seyidnisə Lətifli çıxış edərək iki qardaş ölkənin ədəbi irsi və qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, 24-31 may tarixlərini əhatə edən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə – Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr olunur.
Bundan əlavə, bu il ilk dəfə olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının keçirilməsi də nəzərdə tutulub.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə Şirkəti, Mədəniyyət kanalı və Bizim.Medianın təşkilati dəstəyi ilə baş tutur.
Festival çərçivəsində nəşrlərlə yanaşı, müxtəlif əl işlərinin də sərgisi təşkil olunub.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media