Bakı şəhərində keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində poeziya sevərləri xüsusi bir ədəbi zövqlə baş-başa gəliblər.
Bizim.Media xəbər verir ki, Festivalın diqqətçəkən ədəbi tədbirlərindən biri olan “Qəzəl saatı” böyük maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Kitab Festivalında "Milli Mətbuat 150" mövzusunda panel müzakirələr – FOTO
Tədbirdə tanınmış şairələr Lilpar Cəmşidqızı, Xatirə Xatun və Gülarə Munis özünəməxsus poetik nəfəs və bədii ustalıqla klassik və çağdaş qəzəlləri səsləndiriblər.
Qəzəllərdə insan ruhunu oxşayan, milli-mənəvi dəyərləri əks etdirən obrazlar və poetik duyğular tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Ədəbi mühitin görkəmli nümayəndələrinin, gənc yazarların və oxucuların qatıldığı “Qəzəl saatı” poeziya ilə maraqlanan geniş auditoriya tərəfindən böyük həvəslə və alqışlarla qarşılanıb. Ədəbi dilin incəliklərini hiss etdirən bu saatlar, eyni zamanda klassik poeziyanın müasir dövrdə də yaşadığını və sevildiyini bir daha nümayiş etdirib.
Qeyd edək ki, festivalın yeddinci günü Türkiyə Respublikasının tarixi və ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.
Bu il festival çərçivəsində ilk dəfə olaraq 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi planlaşdırılır.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media