IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Milli Mətbuat 150” mövzusunda panel müzakirəsi keçirilib.
Bizim.Media xəbər verir ki, paneldə filologiya üzrə fəlsəfə doktoru, professor Vüqar Əhməd, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, Elçin Mehrəliyev, Gülnar Səma və Leyla Məmmədova çıxış ediblər.
MÖVZU İLƏ BAĞLI:
Əlövsət Tahirlinin kitabları maraqla qarşılandı – FOTO
Tədbirdə dahi şəxsiyyət Həsən bəy Zərdabinin milli mətbuatımızın təməlini qoyduğu dövr barədə geniş müzakirələr aparılıb.
Bildirilib ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub, bu günə qədər zəngin inkişaf yolu keçib.
Qeyd olunub ki, hər il ölkəmizdə milli mətbuatın yaranması günü təntənəli şəkildə qeyd olunur. Xüsusilə vurğulanıb ki, bu il Prezidentin müvafiq sərəncamına əsasən “Milli Mətbuatın 150 illiyi” ilə bağlı silsilə tədbirlərin yüksək səviyyədə keçirilməsi nəzərdə tutulur.
Panel çərçivəsində, həmçinin, ana dilimiz və milli-mənəvi dəyərlərimiz mövzusunda da geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, festivalın yeddinci günü Türkiyə Respublikasının tarixi və ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.
Bu il ilk dəfə olaraq, 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının keçirilməsi də nəzərdə tutulur.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, "İnam Mühafizə" şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Aygün Hüseyn, Pərviz Allahverdiyev - Bizim.Media