IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının altıncı günü başlayıb.
Bizim.Media xəbər verir ki, bugünki tədbir Türkiyə ədəbiyyatına həsr olunub.
Festival Türkiyə Cümhuriyyətinin Himniylə başlayıb. İlk panel "Türk ədəbiyyatının təməl dəyərləri" adlanıb.
Tədbirdə çıxış edən filologiya elmlər doktoru Eşqanə Babayeva, Ədəbiyyat İnstitutunun baş elmi işçiləri Xuraman Hümmətova, Sima Şəfizadə, institutun elmi işçisi Maya Həsənli türk ədəbiyyatından danışıb, müxtəlif şeirlər səsləndiriblər.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media