IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində mərhum deputat, şair Qənirə Paşayevanın xatirəsi anılıb.
Bizim.Media xəbər verir ki, şair Narıngül Nadirin aparıcılığı ilə keçirilən "Gül dəftəri" tədbirində Qənirə Paşayevanın şeirləri səsləndirib.
Həmçinin çıxış edən şair və qiraətçilər Çilənay Hüseynova, Rəsmiyyə Sabir, Məlahət Yusifqızı, Məlahət Hümmətova, Ülviyyə Niyazqızı və Gülşən Behbud öz şeirlərini və Qənirə Paşayeva haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirdə çıxış edən Qənirə Paşayevanın tələbə yoldaşı şair, həkim Məlahət Hümmətqızı onunla birgə keçirdiyi tələbəlik həyatından, onun çalışqanlığından, duyğularından söz açıb. Şair rəfiqəsinin ona verdiyi medalyonu da nümayiş etdirib. O, rəfiqəsinin "Ana" şeirindən parçalar səsləndirib.
Çıxış edən Narıngül Nadir onu "Vətən qadın" adlandırıb.
Mərhum deputatla birgə xarici ölkələrə səfər edən şair Rəsmiyyə Sabir çıxış edərək onun sədaqətindən, yaxşı dost olmasından bəhs edib.
Tədbirdə daha sonra Tovuz rayonundan olan şair Telman Axıncı çıxış edib və ona həsr etdiyi şeiri səsləndirib.
Qeyd edək ki, festivalın 5-ci günü Azərbaycan və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Bizim.Media