IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 5-ci günü 28 May Müstəqillik Gününə həsr olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir panel müzakirələr və şeir saatları ilə davam edəcək.
Gün ərzində müxtəlif şair və yazıçıların kitablarının təqdimatı ilə yanaşı "Türkşünaslıq" panel müzakirəsi, "Beyləqandan salamlar", "Qubadan salamlar" poeziya saatları, "Rəsul Rza-115" və "Üzeyir Hacıbəyli-140" adlı görkəmli şair və bəstəkarın yubileylərinə həsr olunmuş tədbir və yay kinoteatrında film nümayişi gözlənilir.
Qeyd edək ki, 24-31 may tarixlərində keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media