IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 4-cü günündə "Yaşılım, yaşılım hara gedirsən?" adlı toplunun təqdimatı keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs, şair Xatirə Fərəclinin moderatorluğu ilə keçirilən tədbirdə Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin “Dram və Bədii qiraət” dərnəyinin üzvləri və digər məktəblilər "Yaşılım, yaşılım hara gedirsən?" kitabından şeirlər, həmçinin Sumqayıt məktəbliləri Əkbərli Nərgiz və Əliyeva Arzu tatar poeziyasından şeirlər də səsləndiriblər.
Tədbirdə millət vəkili Jalə Əliyeva, ictimai xadimlər, şair və yazıçılar, müəllimlər, şagirdlər və ədəbiyyatsevərlər iştirak edib.
Millət vəkili, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin Sədr müavini, professor Jalə Əliyeva gənc qiraətçilərə uğurlar arzu edib.
O, bu kitab festivalının əhəmiyyətindən danışıb, festival çərçivəsində təşkil olunan tədbirlərin, aparılan müzakirələrin ədəbi mühitin daha da canlanması və təşəkkülü üçün vacib olduğunu bildirib. Kitabın nəşrə hazırlanmasında əməyi olan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova tədbirdə çıxış edərək, bu əsərin gənc nəslin maariflənməsi, təbiətə və yaşıl dünyamıza sevgi ruhunda tərbiyə olunması baxımından önəmini vurğulayıb.
Azərbaycan radiosunun veteran əməkdaşı, Əməkdar jurnalist Qənbər Ağayev həmçinin kitabın əhəmiyyətindən danışdı. Şairlər şeirlərini səsləndirdilər.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib. Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Bizim.Media