Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı və Bizim.Media-nın informasiya dəstəyi ilə Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb.
Bizim.Media xəbər verir ki, festivalın açılış mərasimində ilk olaraq Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Türk dünyasının sarsılmaz birliyinə, türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən bəhs edib. Xalq yazıçısı əsrlər boyu kitabın insanların ilk və ən yaxın sirdaşına çevrildiyini, onun yetişməsində, kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşündə, hərtərəfli inkişafında əvəzsiz rol oynadığını bildirib.
AYB sədri festivalın əsas məqsədinin iştirakçılar arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, insanların kitaba marağını daha da artırmaq olduğunu söyləyib, tədbirə qatılan qardaş türk dövlətlərindən gələn qonaqlara təşəkkür edib.
Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli festivalın türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında indiki tarixi mərhələnin Türk dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarının daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Milli Məclis Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva isə Türk dünyasının ədəbi zənginliyindən danışıb, festivalın türk tarixi və mədəniyyətinin təbliğinə xidmət etdiyini diqqətə çatdırıb.
Beynəlxalq Türk Akademiyasının təmsilçisi Aynur Mayemerova, millət vəkili Elçin Mirzəbəyli çıxış edərək festivalın böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyini və gənc nəslin Türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğulayıblar.
Festivalın açılış günü Qırğızıstan ədəbiyyatına həsr edilib. Sərgi ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni nəşrləri təqdim ediləcək.
Xatırladaq ki, IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam edəcək.
Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media