Azərbaycanda mədəniyyət abidələri ilə bağlı qanuna dəyişiklik təklif olunur.
Bizim.Media xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, daşınmaz mədəni irs nümunələrinin qorunmasını və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi təklif edilir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik Dövlət Siyahısına daxil edilən mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.
Dövlət mühafizəsinə götürülən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb.
Abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirir.
Həmçinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə əsasən qoruq idarəsi abidələrin pasportlaşdırılması işlərini həyata keçirməlidir.
Bu hal sözügedən abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin-pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanmasına zəmin yaradır.
Günay Şahmar, Bizim.Media